Dekabrın 2-də Milli Büdcə Ofisi www.budget.az resurs saytının təqdimatını keçirib.
Tədbirdə danışan Milli Büdcə Ofisinin meneceri Rəna Rzayeva deyib: “Milli Büdcə Ofisi Milli Büdcə Qrupunun təşəbbüsüdür. Əsaslı iqtisadi tədqiqat və siyasi təkliflər vasitəsilə Azərbaycanın iqtisadiyyatına, milli büdcə prosesinin keyfiyyətinin artırılmasına və inkişafına dəstək olmaq məqsədi daşıyır”.
Rzayeva saytın geniş auditoriya – peşəkar iqtisadçı və tədqiqatçılar, jurnalistlər, müvafiq donor institutlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri üçün faydalı olacağına inandığını bildirib.
Saytı hazırlayan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyib dövlət qurumları büdcə məlumatlarının çapının fiziki baxımdan mümkün olmadığını bəhanə gətirərək büdcə zərfini ictimaiyyətdən gizlətməyə çalışırlar: “Bu gün isə biz göstərdik ki, bu məlumatları ictimaiyyətə açıqlamaq ciddi problem deyil. Büdcə şəffaflığının və büdcə proseslərində ictimai iştirakçılığın təmin edilməsi məhz informasiyaların istənilən vaxt və operativ əldə edildiyi şəraitdə mümkündür. Bu isə ilk növbədə büdcə məlumatlarına əlçatanlığın effektiv mexanizmlərinin formalaşdırılmasını tələb edir. “İnformasiya əldə etmək haqqında” qanunun 31-ci maddəsində də qeyd olunur ki, informasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın. Hazırkı şəraitdə belə mexanizmlərin ən işlək forması büdcə informasiyalarının elektronlaşdırılmasıdır”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib ki, sayt 2 hissədən ibarətdir – büdcəyə dair ümumi məlumatlar və büdcə məlumat bazası: “Birinci hissədə Azərbaycan dövlət büdcəsi və onunla bağlı ən mühüm məlumatlar, əsas büdcə terminləri, dövlət büdcəsinin illər üzrə göstəriciləri, büdcədənkənar fondlar və onların büdcələri, dövlətin xarici borcu, büdcəyə dair tədqiqatlar və nəşrlər, hesabatlar, statistik məlumatlar və sair əksini tapıb. Saytda habelə investisiya layihələri və büdcə qanunvericiliyi yerləşdirilib. Büdcə məlumat bazasında isə 2004-2011-ci illərdə dövlət büdcəsi xərclərinin funksional, təşkilati və iqtisadi təsnifatı yerləşdirilib. Bu məlumatlara çıxış pulsuzdur. Hər bir şəxs sərbəst olaraq bazadan istifadə edə bilər”.