Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir. Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.
Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
90-cı illərin ortalarında Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu Fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) “Azərbaycan-İRS” jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə – musiqi, arxitektura, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi təmsil olunmağa başlayıb.
Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən – 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. “Bu 7 il ərzində ən böyük nailiyyətimiz, ən böyük uğurumuz Azərbaycan xalqının inamını və hörmətini qazanmağımız olub. Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma – istər dövlət, istər qeyri-dövlət qurumuna, bizimlə əlaqə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram”, – Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev in anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.
Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirməyə, layihələrin miqyasını genişləndirməyə, onların həyata keçirilməsində əlavə resursların cəlb olunmasına imkan verir.
Azərbaycan mədəniyyətinin populyarlığı və təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ bütün dünyadan olan çoxsaylı qonaqları növbəti Beynəlxalq Musiqi Festivalına qəbul edib.
Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir, eləcə də dünyanın məşhur mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliklərə malik Nəsirəddin Tusinin “Əxlaqi-Nasir” əsəri latın qrafikasında yenidən nəşr edilib, “Azərbaycan” kitab fotoalbomu və əksər türk ölkələrində populyar olan “Qabusnamə” kitabının rus variantı hazırlanıb, “Azərbaycan muğamı” multimedia məcmuəsi və “Muğam dünyası” kitabı buraxılıb. Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində “İntizar” operasının yeni quruluşda premyerası keçirilib.
Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir.
Fondun başqa ölkələrdə nümayəndəlikləri var və Azərbaycandan kənarda da bir çox layihələri uğurla həyata keçirir. Belə ki, 2010-cu ilin iyununda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə iyunda Bakıda “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusunda forum keçirilib.
Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında, zaman keçdikcə və iqlim təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərib. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.
17 fevral 2011-ci il tarixində Parisdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə və “Azərbaycan” kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran iştirak ediblər.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamına müvafiq olaraq, 18-21 aprel 2011-ci il tarixində
Heydər Əliyev Fondu və Azərbaycanın Fransadakı səfirliyi Parisdə təntənəli bayram mərasimi təşkil edib. Bayram günləri çərçivəsində aprelin 19-da YUNESKO-nun mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb. Sərginin ekspozisiyasında XIV əsrdən bu günümüzədək milli xalçaçılıq nümunələri, eləcə də Qarabağ xalçaçılıq məktəbinin şedevrləri təqdim olunub. Həmin gün Azərbaycan estradasının gənc ifaçılarının konserti keçirilib.
17 may 2011-ci il tarixindəHeydər Əliyev Fondunun təşəbbüsü ilə Moskvada Kreml Dövlət Sarayında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən Azərbaycan gecəsi keçirilib. Gecədə Azərbaycan və Rusiyanın birinci xanımları Mehriban Əliyeva və Svetlana Medvedeva iştirak ediblər. Kreml Dövlət Sarayında Azərbaycan gecəsi çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri olan “Azərbaycan” kitabının rus versiyasının təqdimatı keçirilib.
Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən belə humanitar proqramların effektivliyinin güclənməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi özünün vəzifəsi hesab edir.
Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini əks etdirən “Qarabağ reallıqları” bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən “Müharibə və mədəni-tarixi abidələrimiz”, “Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında” kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.
2004-cü ilin avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəkı genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib.
Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO, nizamnamələrində qeyd olunduğu kimi, qeyri-siyasi institutlardır. Eyni zamanda bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması uçun fürsətdir.
Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.
2005-ci ildə mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunub. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə” xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban Əliyeva 2007-ci ildə “Qızıl Ürək” beynəlxalq mükafatına layiq görülüb.
Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Xanım Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku yarışının, 2005-ci ildə isə bədii gimnastika üzrə dünya çempionatının və 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb. Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri əldə edirlər.
2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elə həmin il, eləcə də 2010-cu ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə deputat seçilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.
14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük KomandorXaçı ordeni ilə təltif edilib.
10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva “Fəxri legionun böyük xaç komandoru ” ordeni ilə təltif edilib.
Bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılmasına sadiqliyə, mədəniyyətlərarası dialoqun inkişafına yönələn yorulmaz səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə böyük töhfəyə və YUNESKO-nun ideya və məqsədlərinə sadiqliyə görə Mehriban xanım 30 iyul 2010-cu il tarixində bu təşkilatın “Motsart medalı”na layiq görülüb.
2 iyun 2011-ci ildə xanımƏliyevaqaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlara, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) “Türk dünyasına xidmət” mükafatına layiq görülüb.
24 iyun 2011-ci il tarixdəBrüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.
Heydər Əliyev Fondu Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub. Azərbaycan bu müsabiqədə cəmi dörd dəfə iştirak edib və ölkə nümayəndələri həmişə müsabiqənin liderləri arasında olublar. Mayda Azərbaycanın gənc müğənniləri Eldar və Nigar “Eurovision 2011”-in qalibi olublar. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva gələn ilin mayında Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri təyin edilib.
Mehriban xanımın Leyla və Arzu adında iki qızı, Heydər adında oğlu, Mikayıl və Əli adında iki nəvəsi var.