“Xalq Ulduzu” və “Yeni Ulduz” telelayihələrini düşündüyünə və reallaşdırdığına görə hörmətli Oqtay Əliyevə böyük təşəkkürlər düşür. Ən azı son illərdə “Avroviziya” mahnı müsabiqəsinə üzümüzü ağardan müğənnilər hazırlaya və “Xalq Ulduzu” layihəsində gerçək Azərbaycan musiqi sənətini yaşadan gənc müğənnilər yetişdirə bildiyinə görə. Sonuncu fikrimin yaxın zamanlarda iştirak etdiyim Bakı toylarında dönə-dönə şahidi olmuşam və elə orada da Oqtayın ölənlərinə rəhmət oxumuşam. Düzdür, bu ailəyə bağlı verilişlərin hamısını təqdir etmək mümkün deyilsə də, adını çəkdiyimiz layihələr çox böyük uğurlara imza atıb.
Bu layihələrin həyata keçirilməsinin çox yaxşı hal olmasına baxmayaraq, onu da qeyd etməliyik ki, onlar ilk baxışda xırda görünən müəyyən çatışmazlıqlardan da xali deyil. Bu, hər şeydən öncə özünü iştirakçıların səs (SMS) istəməsi zamanı büruzə verir. Burada Azərbaycan jurnalistlərinin, ziyalılarının daim tənqid hədəfinə çevrilən inzibati sərhədləri onsuz da kiçik olan dövlətimizin parçalanması halları özünü göstərir. “Xalq Ulduzu”nda yetişən gənc müğənnilər rayonlar, qəsəbələr, kəndlər, küçələr, məhəllələr səviyyəsində kiçik miqyaslı sənətkarlar deyil. Onlar bütün Azərbaycan xalqının ürəyindən gələnləri, illərlə, əsrlərlə yaratdıqlarını ifa edirlər. Səsi də elə geniş auditoriyadan, bütün ölkəni əhatə edən tamaşaçılardan istəməlidirlər. Qoy yaxınları, doğmaları, dost-tanışları da SMS göndərsin. Ancaq bütün müraciətlərin bu istiqamətdə köklənməsi, düşünürəm ki, layihənin böyük mahiyyətinə bir qədər kölgə salmış olur. Bir müddət öncə yazdığım fikrimi də bu anlamda təkrarlayıram: elə sonda udulacaq 10 min manatın mütəmadi olaraq hallandırılması da.
Axır vaxtlar layihənin gedişində bu məbləğ barədə az danışılmasının şahidi olduğumuzdan onun üstündən səthi keçək. Ancaq onu bildirmək istəyirəm ki, bəlkə bir forma fikirləşilsin, bu layihələrin ictimai müzakirələri təşkil edilsin, həmin müzakirələr reklam olunsun, onun bütün Azərbaycana gərəkliliyinin motivləri aydınlaşdırılsın və geniş ictimaiyyətə bəyan olunsun. Bəlkə başqa bir forma seçilsin, Azərbaycanın qeyrətli, imkanlı oğullarına müraciət olunsun, onlar bu işi sponsorluğa götürsünlər, SMS yığışdırılsın, nəticədə biz efirdən xalqımızın qüruruna, birliyinə zərbə vuran belə aşağılayıcı müraciətləri eşitməyək. Formanın hansı yönə dəyişməsindən asılı olmayaraq, bu ideyanın müəllifi Oqtay Əliyevdir və onun imza atdığı bu uğurlara heç bir kölgə düşməməlidir. Ən azı ona görə ki, layihə məzmuna, mahiyyətə hesablanan bir layihədir və qeyd etdiyim kimi, artıq bu layihələr vasitəsilə çox böyük uğurlara imza atılıb.
Layihənin obyektivliyi də şübhə doğurmur. Hətta SMS-ləri günahkar saysalar da belə, adətən ilk beşliyə, üçlüyə qalanların bu yerlərə layiq olduğu qənaətinə gəlməyə bilmirsən. Zövqlərdə də bir balaca fərqlər ola bilər. Məsələn, mən “Xalq Ulduzu-1” – də birinci yerə Şəhlanı layiq görürdüm. Elə təxminən nəticələr də buna uyğun oldu. Sonuncu “Yeni Ulduz” layihəsində ilk çıxışından Cahangirin layiq olduğunu dilə gətirmişdim. Finalda digər iştirakçı Mehdi onu üstələməyə az qalsa da, nəticə yenə böyük həqiqəti təsdiqlədi.
İndi finalının bir addımlığında olan növbəti “Xalq Ulduzu”nda da yenə kəndlərdən, nəsillərdən səs istənilməsi prosesi davam edir. Ancaq müsbət tendensiyalar da yox deyil. Xüsusilə sənətinə və şəxsiyyətinə dərin hörmət bəslədiyim Ağacəbrayıl müəllimin xalqı qarşısında göstərdiyi obyektiv xidməti qeyd etməmək böyük ədalətsizlik olardı. Elə münsiflər heyətinin digər üzvlərini də.
Bu dəfənin “Xalq ulduzu” isə Musadır. SMS-lərin çələngi kimin başına qoyacağından asılı olmayaraq. Mənəvi dəyərlərimizə hörmət nişanəsi sayılan bu layihəni yaradanlara və reallaşdıranlara bir daha təşəkkürlər.