Az.TV-nin “Xəbərlər” proqramında 11 il işləmək, sonra isə ordan ayrılıb, “Xalq qəzeti”nə işə qəbul olunmaq bilirsinizmi nə deməkdir? Jurnalist həmkarlarım bunu yaxşı bilir. Digər sənət sahibləri üçün aydın olsun deyə, belə bir misal çəkmək istəyirəm. Təsəvvür edin toydur. Qonaqlar gəlir, gedir. Təamlar, mahnılar, rəqslər bir-birini əvəz edir. Vur-çatlasındır. Və ən nəhayət toyun sonu. Sakitçilik hökm sürür. Ortaya tort və dondurma gəlir. AzTV qaynar qazan idisə, “Xalq qəzeti” bənzətməylə desəm mənim üçün tort və dondurma idi. Elə bil ki, kurorta düşmüşdüm. Televiziyadakı kimi dəhlizlərdə ora-bura qaçan yox idi. İş günü bir stəkan, yox səhv etdim iki-üç stəkan çay içməsəydin başlanmazdı. Bütün günü sakitçilik olardı. Saat 12-də görürdün ki, planlaşdırmadır. Redaksiya heyəti yığışır. Yox belə düzgün alınmır. Çox bəsit dedim. Redaksiyamızın, ümumilikdə Azərbaycan Jurnalistikasının ağır artilleriyası dəhlizin o başından görsənməyə başlayır. Ağır-ağır addımlar, zəhmli baxışlar, hərəsinin də qoltuğunda bloknot, arasında da qələm. Onlar belə görmüşdülər. Onları belə öyrətmişdilər. Onlar da bu məktəbi davam etdirirdilər.
Həyatları boyu həm məcazi, həm də hərfi mənada qələm-kağız əllərindən əskik olmamışdı. Mən də bu dəm baş redaktorun otağından çıxıb, divara söykənər, sanki bu ağır artilleriyanın keçidini qəbul edərdim. Bəzən dilimi dinc qoymurdum. 63 yaş pensiya həddi olmasına işarə edib, lap çox ərkim çatanlardan yaşlarını soruşardım. Xoşlarına gəlmirdi, amma danışmırdılar. Əyri-əyri süzürdülər. “Bu uşaq-muşağı Belə ciddi qəzetə niyə işə götürürlər?”, “Redkollegiyanın üzvüdür, o boyda informasiya şöbəsi buna tapşırılıb, heç iclasa da gəlmir”, “baş redaktor olsaydım nə qovardım bunu işdən”, “heç əməlli-başlı işə də gəlmir, redaktor niyə bunu işdə saxlayır” deməklərini gözlərindən oxuyurdum. Bircə Tahir Aydınoğlunun baxışlarında qəzəb yox idi. Çünki AzTV-nin şinelindən çıxmışdı. Məni başa düşürdü. Bilirdi ki, dilim deyir, ürəyim təmizdir.Bu qocaman jurnalistlərimizi əvvəllər tanımırdım. Əlbəttə ki, bu mənim günahım idi. Sonra başladım otaqları yavaş-yavaş gəzməyə. Onları daha yaxından öyrənməyə. 1996-cı ildən tanıdığım baş redaktorum Həsən Həsənovdan sonra texniki direktor İbrahim Ömərovu tanıdım. Redaksiyaya ekskursda o da yaxın bələdçim oldu. O kimdir, bu kimdir, keçmişdə kim olub. Sovet dövründə raykomları, nazirləri qorxu altında saxlayan, qələmlərinin bircə işarəsiylə onları kreslolarını laxladan jurnalist həmkarlarım idi bunlar. Qocalmışdılar. Nuraniydilər. Azərbaycanda on rəhbər görmüşdülər. Kommunistdən Xalqçıyacan böyük uzun yol keçmişdilər. Hələ də davam edirdilər. Gücləri-qüvvətləri həmin idi. Səhər saat 9-da artıq işlərinin başındaydılar. İşə gecikməyə görə Həsən müəllimin layiq gördüyü töhmətçilər sırasında bir dəfə də adlarına rast gəlmədim. Nə vaxt da otağa girsəydim nəsə yazardılar. Kompüterdə yox, qələmlə, kağızla. Buna öyrəşmişdilər. Həmişə də əlimə baxırdılar. Yox, məcazi mənada demirəm, əsli mənada qəbul edin. Əlimə baxıb, başlarını bulayar, köks ötürərdilər. Sonra başa düşdüm ki, nə demək istəyirlərmiş.
“Mahir, sənin qələmin yoxdur?”. Demək istədikləri bu imiş. Demə bu insanlar redaksiyada çalışanlara xasiyyətinə görə yox, birinci qələminə görə qiymət verirlərmiş.
Sonralar başa düşdüm ki, qocaman jurnalistlərimiz təkcə redaksiya işləriylə məşğul deyillərmiş. Bir çoxu ali məktəbdə dərs deyirmiş, bəziləri paralel olaraq elmi fəaliyyətləriylə məşğul imiş, bəzisi kitab yazırmış, kitab redaktə edənləri də var idi. Necə deyərlər bu jurnalistlərimiz qələmləriylə təkcə yazmırlarmış, torpağı belləyib, toxum səpib, alınlarının təriylə sulayıb, məhsul yetişdirib ailələrinə çörək aparırlarmış. Halal çörək. Deyəcəksiniz ki, bunlar necə jurnalistdirlər ki, heç vəzifəli, pullu dostları da yoxdur? Var, yaxşı dostları var, amma bunlar sponsor yox, dostdurlar.
Sonra idman jurnalistikasının flaqmanı Oqtay Bayramovun zədə alıb işə çıxmamasından yararlanıb, başladım futbol üzrə dünya çempionatının oyunlarıyla bağlı balaca məqalələr yazmağa. Bir müddətdən sonra “Atam Qabilin maraqlı əhvalatları” kitabım çapdan çıxdı. Və ən nəhayət günlərin bir günü kollektivdən ayrıldım. Rəsmi ayrıldım. Amma əlaqələrimi kəsmirəm. Gedirəm, hal-əhval tuturam. Ara-sıra çıxan bədii-publisistik yazılarımı oxuduqlarını, bəyəndiklərini deyirlər. Haqlı iradlarını da bildirirlər. İndi başa düşmüşəm ki, qocaman jurnalistlərimizin ürəyində bir qram da paxıllıq yoxmuş. Xoşlarına gəlmişəm və bunu gizlətmirlər. Əyri-əyri də süzmürlər. Mənim işdən çıxmağıma da peşman deyirlər. Əksinə “yaxşı ki, getdin, yoxsa qələmi əlinə almayacaqdın” deyirlər. Burda Xəlil Rza Ulutürkün bir sözü yadıma düşür – “Layiq olum”.
Bizim “Xalq qəzeti” belə qəzetdir. Çox təriflədim deyəsən. Bəziləriniz ironiyayla deyəcəksiniz ki, “bəsdir də… göz dəyər”. Amma 95 ildir ki, fasiləsiz çıxan qəzetimiz həqiqətən də tərifə layiqdir. Çünki köhnə ənələrini yaşadır. 95 ildir ki, dövlətin sayıq keşikçisidir, təbliğatçısıdır. Bu yolu tutub, bu yolla da gedir və bu yolla da gedəcək.
Gözünüzün önündə kərpicdən tikilmiş bir bina təsəvvür edin. Bu binanın aşağı hissələrində bir kərpici qoparıb götürün. Çox biədəb görsənəcək elə deyilmi? Ümumi ansambla xələl gətirəcək. Baş redaktor Həsən Həsənov da bu qəzetin 95 illik ənənəsini yaşadır. Yaşlı nəslə hörmətlə yanaşır. Özləri gəlib işdən çıxmaq barədə ərizə yazsalar da bir müddət dərkənar qoymur, gözləyir. “Birdən darıxar, geri qayıtmaq istəyər” deyərək. Qocaman jurnalistimiz Telman Heydərov da bu günlərdə xəstə olmağını bəhanə edərək işdən uzaqlaşdı. Niyə “bəhanə edərək” dedim? Çünki o gün küçədə rastlaşdıq. Maşallah, məndən də qıvraq idi. O gün isə oxudum ki, 75 yaşı tamam olur. Keçmiş iş yoldaşım Qalib Arif kimi qələmi əlimə almağa qərar verdim. Sonra gördüm ki, təkcə Telman Heydərovu təbrik etsəm inciyəcək. Axı, bu il onun 50 il külüng çaldığı “Xalq qəzeti”nin də 95 yaşı tamam olur. Üstə gəl bu qəzetin sükanı arxasında duran, irəli aparan Həsən Həsənov da 60 yaşını haqlayır. Necə deyərlər yubiley yubileyə qarışıb, bayram bayrama. Ona görə də hamınızı təbrik edirəm, mənim köhnə və müasir həmkarlarım! Telman Heydərov, 75, Həsən Həsənov, 60 yaşın mübarək! Ömrümün dörd ili olan “Xalq Qəzeti”, sənin də 95-ini təbrik edirəm. Təkcə səni yox, bütün kollektivi, bütün kollektivimizi.