Bizim sualı Söz Azadlığını Müdafiə Fondunun sədri şair Musa Yaqub cavablandırır:

Bizim sualı Söz Azadlığını Müdafiə  Fondunun sədri şair Musa Yaqub cavablandırır: Müsahibimiz Söz Azadlığını Müdafiə Fondunun sədri şair Musa Yaqubdur.

– Musa müəllim, Söz Azadlığını Müdafiə Fondunun bu il yaranmasının 5 ili tamam oldu. Ötən dövr ərzində Söz Azadlığını Müdafiə Fondu hansı işləri görüb və nələrə nail olub?

– Mənim gözümün önündə ilk Söz Azadlığı Müdafiə Fondunun yarandığı günlər canlanır. Doğrudan da yaxşı bir kollektiv yığmışdıq, toplamışdıq, onların köməyi ilə hər ay bülleten buraxırdıq. Bu bülletenlərdə xüsusi ilə mətbuatımızın vəziyyəti, problemləri barədə ayrı – ayrı adamların, o cümlədən də mənim yazılarım çap olunurdu.

Biz söz azadlığından danışırıq, amma bir məsələ də var ki, əgər deyilən sözə reaksiya verən yoxdursa, o azad ola bilməz. Gərək sözü başa düşəsən ki, o, azad ola bilsin. Əgər bu sözü eşitmirlərsə, onun nəticəsi olmayacaq. Buna görə də biz məhz ona nail olmalıyıq ki, bizi eşitsinlər.

Biz mətbuat tariximizdəki fraqmentləri, yadda qalınası, yaşadılası məsələləri gündəmə gətirdik. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyatı, “Əkinçi”nin keçdiyi yol, bizim mətbuatımızın keçdiyi yoldur, başlanğıcıdır. Bu başlanğıc haqqında, H.Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələrini kitab halında çap elətdirdik, bu kitab çox maraqla qarşılandı. Bu, bizim birinci işimiz oldu.

Klassik mətbuat, azad söz deyəndə “Əkinçi”, “Molla Nəsrəddin” yada düşür. Buna görə biz “Molla Nəsrəddin”in bütövlükdə yox, geniş oxucu kütləsinə məlum olmayan və Təbrizdə nəşr olunmuş 8 nömrəsini yenidən nəfis surətdə çap etdik, yaydıq və bu çox böyük maraqla qarşılandı. Bax, bu bizim bir xidmətimiz oldu. Əli Nəzminin nəzmlə, şeirlə yazdığı ədəbiyyat tariximiz, mətbuat tariximiz haqqında çox dəyərli fikirləri var. Bunları kitab halında çap elətdirdik.

Biz xüsusi ilə bu istiqamətdə Əlyazmalar İnstitutu ilə əməkdaşlıq etmişik. Əlbəttə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının köməyi olmasaydı, bu işlər çətin başa gələrdi.

Bundan əlavə, müasir mətbuatımızın, jurnalistikamızın problemləri ilə bağlı 3 günlük böyük bir beynəlxalq konfrans keçirmişik. Həmin tədbirdə bugünkü mətbuatın vəziyyəti, inteqrasiya məsələləri, təcrübə mübadiləsi ilə bağlı fikirlər səsləndirildi. Dünyanın bir çox jurnalistləri, məşhur adamları həmin konfransda iştirak elədi.

Konfransın keçirilməsində xüsusilə bizim fondun icraçı direktoru mərhum Məmməd Nazimoğlu çox əziyyət çəkdi. Onun bu istiqamətdə çox böyük zəhməti var. Özü də çox yaxşı jurnalist idi.

Eyni zamanda biz fondumuzun saytını yaratdıq. Sayta müxtəlif yazılar, keçirdiyimiz tədbirlər haqqında materiallar daxil edilib. Düzdür, sayt hələlik bizi tam qane edən səviyyədə deyil, amma bu istiqamətdə də işlər görürük. Jurnalistika, söz azadlığı sahəsində şərait də çox tez-tez dəyişir, ona görə də çalışırıq ki, işlərimizi bugünkü şəraitə uyğun quraq.

Mətbuat tariximizlə bağlı məsələləri yenə araşdırmaq istəyirik. Azərbaycanda birinci senzor Mirzə Şərif olub. Onun senzorluqla bağlı kitabı var, nələr edib, hansı qadağanlar olub. Əslində adama elə gəlir ki, o söz azadlığını yox, çar hökumətinin, sovet hökumətinin sözünü müdafiə edib. Amma bir çox hallarda söz azadlığının xeyrinə bir sıra mövzuların buraxılmasına nail olub. Güllələnməyə adam çıxartdıra bilərdi, amma 1937-ci ildə onun özünü güllələyiblər. Buna görə də istəyirik ki, onun kitabını çap etdirək, müzakirələr aparaq, cəmiyyətimizə bu adam haqqında informasiya verək.

Bir sıra digər layihələrimiz də var, bu baxımdan fondun görəcəyi işləri hələ çoxdur. İndi biz bütün bunları daha əzmlə davam etdirəcəyik.

Nə qədər ki, Azərbaycanda kütləvi informasiya vasitələri var, düşünürəm ki, Söz Azadlığı Müdafiə Fonduna da ehtiyac var. Söz mütləq deyilməlidir, lakin bu vaxt elementar etik və hüquqi normalar qorunmalıdır.

İndi reket jurnalistlərdən, reket qəzetlərdən çox danışılır. Hər hansı bir faktı yoxlamadan yazmaq olmaz. Yoxlanmadan yazılan söz, söz azadlığının göstəricisi deyil, onun qarmaqarışıqlığıdır. Bax, bu qarışıqlığı aradan qaldırmaq üçün Söz Azadlığını Müdafiə Fondu çox lazımlı iş görə bilər və görməlidir. Yeni layihələrimiz bu mövzuların üzərində qurulacaqdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO