– Umud müəllim, siz Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri olmaqla yanaşı, KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədrisiniz. Müşahidə Şurasına sədr seçildiyiniz gündən bu günə kimi Şuranın gördüyü işlər və gələcək planları barəsində nə deyə bilərsiniz?
– Müşahidə Şurası yeni yaranmış strukturdur. Müəyyən sənədlərin hazırlanması ilə bağlı iş aparılır. Çox güman ki, bu ayın sonunda görülən işlərlə bağlı bizim ümumi hesabatımız olacaq. Müəyyən məsələlər var ki, gərək onlar öz həllini tapsın. Görəcəyimiz işlər hələ çoxdur. Strukturlaşma baxımından, fondun gələcək fəaliyyətinin qurulması baxımından müəyyən sənədlər hazırlanmalıdır. Təlimatların hazırlanması, standartların öyrənilməsi məsələsini buraya aid edə bilərəm. Bu cür struktur Azərbaycanda yeni yaranan strukturdur. Buna görə də biz daha çox müzakirələr aparmaq istəyirik ki, bu sahədə görülən işlər fondun fəaliyyətinin düzgün nizamlanmasına, düzgün qurulmasına xidmət edə bilsin.
Təbii ki, bütün məsələlər, fondun fəaliyyəti cənab prezidentin təsdiqlədiyi KİV-ə dəstək konsepsiyasından irəli gələn müddəalar əsasında qurulur. Həmin müddəalarda fondun iqtisadi durumu, KİV-in iqtisadi durumunun yaxşılaşdırılması, müstəqil fəaliyyətin qurulması istiqamətində işlərin görülməsi gözlənilir. Bir daha təkrar edim ki, gələn ay biz bu barədə ətraflı məlumat verəcəyik.