Saytımıza xoş gəlmişsiniz!
Söz Azadlığını Müdafiə Fondu (SAMF) 1 mart 2004-cü il tarixində təsis edilib. 17 iyun 2004-cü ildə dövlət qeydiyyatına alınıb. SAMF söz azadlığının qorunmasına, söz azadlığının inkişafı sahəsində islahatların həyata keçirilməsinə kömək etmək məqsədilə yaradılıb.
Ötən müddət ərzində Söz Azadlığını Müdafiə Fondu son dərəcə aktual olan jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində bir sıra layihələrə imza atıb. Belə ki, təşkilat “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunvericilik kontekstində: fərqli və ümumi cəhətlər” beynəlxalq konfransını (2007-ci il noyabr) keçirib, “Azad Söz” bülletenini, mətbuat tariximizə dair “Molla Nəsrəddin”, “Həsən bəy Zərdabi və “Əkinçi”və s. kitabların çapını reallaşdırıb. 2009-cu ildə “KİV-də peşəkarlıq problemini yaradan səbəblər”, “KİV və mətbuat xidmətləri: mövcud vəziyyət və strateji inkişaf istiqamətləri”, “Bələdiyyə KİV-lərinin monitorinqi”, “Qəzetlərin internet resurslarının monitorinqi” layihələri həyata keçirib.
2010-cu ilin yanvar ayından başlayaraq “Azərbaycan Media kataloqu”nun Azərbaycan, rus və ingilis dillərində nəşrini reallaşdırıb. 2010-cu ildə “İşlərini operativ quran mətbuat xidməti qurumlarının KIV təmsilçiləri arasında keçirilən sorğu əsasında mükafatlandırılması, “Reklamların yazılışında dövlət dilinin qorunmasının monitorinqi”, “Müasir mətbuatın problemləri Rusiya mediası kontekstində”, “Gürcüstanın Kutaisi İnformasiya Mərkəzi ilə informasiya mübadiləsinə dair müqavilənin imzalanması”, “Azərbaycan dilinin qorunması media, reklam və etnoqrafiya müstəvisində”, “Həsən bəy Zərdabi və “Əkinçi” adlı yeni kitabın çapı və təqdimat mərasiminin keçirilməsi”, “Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə” adlı kitabın çapı və təqdimatı” ilə layihələrin icrasını yekunlaşdırıb.
2010 cu ildə Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini həyat keçirib. Layihə çərçivəsində zəngin məlumatlar toplanılmış və fondun imkanları hesabına www.diyarshunasliq.az saytı istifadəyə verilmişdir.
Hazırda internet-medianın monitorinqi həyata keçirilir.
Qeyd etməliyik ki, fond inkişaf etmiş ölkələrin media sahəsindəki təcrübələrinin jurnalistlərimiz tərəfindən mənimsənilməsi istiqamətində də konkret addımlar atıb. Həmçinin dəfələrlə ölkəmiz, xüsusilə də Qarabağ həqiqətləri barədə dünya mətbuatında yayılan qeyri-obyektiv məlumatların təkzib olunması üçün onlara və digər nüfuzlu media qurumlarına real informasiyanın çatdırılmasına nail olub.