Kafedralar üzrə səsvermənin nəticələri Modern.az-da
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dekan seçkilərinin birinci mərhələsi keçirilib. Fakültədən Modern.az saytına verilən məlumata görə, dünən hər kafedrada ayrı-ayrı səsvermə olub. Səsvermə rektorluğun nümayəndəsinin iştirakı ilə keçirilib.
Dekan seçkilərində iki namizəd – fakültənin Mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyev və dekan müavini Sevinc Əliyeva iştirak edib. Fakültədən verilən məlumata görə, dörd kafedranın nəticələri belədir:
– Beynəlxalq jurnalistika və Mətbuat tarixi kafedrasının müəllimləri bütünlüklə səslərini Şamil Vəliyevə veriblər.
– Radio və televiziya kafedrasından (RTV) 8 müəllim, Nəzəriyyə və təcrübə kafedrasından isə 5 müəllim Ş.Vəliyevə səs verib.
– Dekanlığa digər namizəd Sevinc Əliyevaya isə Nəzəriyyə və təcrübə kafedrasından 4 müəllim, Radio və televiziya kafedrasından isə 1 nəfər səs verib. Amma RTV kafedrasından 2 nəfər öz səslərini hər iki namizədə veriblər.
Səsvermənin yekunları BDU-nin rektorluğana göndərilib. Bundan sonra isə hər iki namizəd rektor qarşısında çıxış edəcək. Amma artıq bəllidir ki, Şamil Vəliyev Jurnalistika fakültəsinin yeni dekanıdır.
“Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən, dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından 4 il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir.
1999-cu ildən bu günədək, üç dəfə ardıcıl olaraq professor Yalçın Əlizadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı seçilib. Artıq Yalçın Əlizadənin dekan vəzifəsindəki səlahiyyət müddəti bitib.
Professor, filologiya elmləri doktoru Şamil Vəliyev 1960-cı ildə anadan olub. 1977-1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb. 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildə doktorluq dissertasiyası müdafiə edib. 2007-ci ildən Mətbuat tarixi kafedrasının professorudur. 1983-1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olub. 1985-2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışır.