Bu gün Baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalist Anar Niftəliyevi qəbul edib. A.Niftəliyevin Modern.az-a verdiyi məlumata görə, qəbul Baş Prokurorluğun təşəbbüsü və dəvəti ilə gerçəkləşib: “Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işinin istintaqı ilə bağlı zərərçəkən kimi narahatlıqlarım, vəsatətlərim dinlənildi. Hörmətli Rüstəm Usubov narahat olduğum məqamlarla bağlı elə yerindəcə göstəriş və tapşırıqlarını verdi. Daha sonra istintaqın ləng getməsinin səbəblərini aydınlaşdırdı və araşdırmanın obyektivliyi naminə görülən işlərin həcmini izah etdi”.
Rüstəm Usubovun bu ölüm işinin istintaqı ilə bağlı ətraflı bilgiyə sahib olduğunu bildirən jurnalistin sözlərinə görə, bu məlumatlılıq artıq kifayət qədər təəssürat yaradır: “Cənab Usubovun qəbulunda bu ölüm işi ilə bağlı müzakirələrin aparıldığı və qərarların verildiyi barədə məlumat aldım. Bu məlumat qəbulda iştirak edən Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin müstəntiqi Ramin Qocayevin söhbətə qoşulmalarından aydın şəkildə təsdiqlənirdi. Buna görə də ölüm işinin birbaşa Baş prokurorun və cənab Usubovun nəzarətində olduğuna və istintaqın obyektiv yekunlaşacağına əminliyim yarandı”.
A.Niftəliyev daha sonra bildirib ki, məsuliyyətdən yayınmağa cəhd edənlərin səylərinin qarşısının alınması üçün Usubovdan xahiş edib: “Hər kəsin layiq olduğu cəzanı alması həm də ailə faciəmizi ağırlaşdıran düşmənçilik yükünün yüngülləşməsi deməkdir. Cənab Usubovun təkcə Baş Prokurorluğun nüfuzlu görəvlisi kimi deyil, həm də bir insan olaraq mənəvi baxımdan hər şeyi qiymətləndirməyi bacardığını müşahidə etdim və o, söz verdi”.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub.
Səhiyyə Nazirliyinin baş onkoloq və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə aparılan araşdırmanın nəticəsində də göstərilir ki, E.Niftəliyevayanın “hər iki süd vəzinin axardaxili papillomaları” diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib.
Faktla bağlı 2013-cü il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.
Modern.az