Barak Obama: “ABŞ Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir “

Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibəti ilə göndərdiyi təbrik məktubunda bildirilir.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, 28 may Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Biriləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir.

Azərbaycan müstəqilliyini qazandığı vaxtdan, Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik.

Tərəfdaşlığımız həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqlarının təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır.

Lütfən milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO