Bir qrup gənc şəhərin Nizami küçəsində “Kitab oxuyaq” adlı dinc aksiya keçirib. Müxtəlif kitablarla aksiyaya gələn gənclər şəhərdə bir çox insanların diqqətini özlərinə cəlb edə biliblər. Qrupun rəhbəri Seymur Həsənlinin məlumatına görə aksiyanın keçirilməsində məqsəd gənclərdə kitaba olan marağın artırılmasıdır.
“Son illər, xüsusilə müstəqillik əldə olunduqdan sonra kitab oxumağa maraq azalıb. Marağın azalması kitabların tirajında da özünü göstərir. Cəmiyyətin inkişafının əsası onun elminin gücündədir. Elmin əsas mənbəyi isə kitabdır. Buna görə də gənclər arasında elmə, kitaba həvəs artırılmalıdır”.
Digər aksiya iştirakçısı Samir Nəbili isə gənclərin sosial təminatına toxunub. “Kitabın əsas maarifləndirici amil olduğunu hər birimiz yaxşı bilirik. Amma bir çox kitablar var ki, elə mənim özüm əldə edə bilmirəm. Bu kitablar heç bir kitabxanada yoxdur. Məhdud tirajla çıxdığından ancaq satışda olur. Elə bir qiymətə verilir ki, onu tələbə büdcəsi ilə əldə etmək qeyri-mümkün olur”.
Qeyd edək ki, aksiyaya heç bir polis müdaxiləsi olmayıb və dinc şəkildə başa çatıb.