Bakıda “Nərgiz” Nəşriyyat evinin layihələrinin təqdimatı olub.
SalamNews xəbər verir ki, jurnalın baş redaktoru Ülviyə Rəhmanova 2012-ci ilin avqustunda yaradılmış Nəşriyyat evinin fəaliyyət və planlarından danışıb.
O, nəşriyyat evi olaraq, gördükləri işin məğzinin insanlarda yaxşı həyata stimul yaratmaqdan ibarət olduğunu deyib. “Nərgiz” Nəşriyyat evi saytın Azərbaycan versiyasının (“buro247.ru – buro247.az”) açılması üçün lisenziya alıb. Bundan sonra sayt Azərbaycan və rus dillərində buraxılacaq.
Onun sözlərinə əsasən, saytın bu versiyası geniş kütlə üçün nəzərdə tutulub: “Biz sorğu keçirdik və nəticədə məlum oldu ki, azərbaycanlı gənclərin böyük hissəsi Salvador Dali və Jaklin Kennedi kimi şəxsiyyətlərlə tanış deyil. Hazırda saytın Xorvatiya və BƏƏ-də büroları fəaliyyət göstərir. İtaliya, London və Braziliyada da ofislərimizin açılması planlaşdırılır. Jurnalda dərc olunan məqalələr maraqlı olarsa, onlar ofislərin mövcud olduğu ölkələrin dillərinə tərcümə olunacaqlar.”
Məlumat verilib ki, bu il fevralın 13-də daha bir yeni layihənin təqdimatı keçiriləcək. Tiflisdə həyata keçirilməsi planlaşdırılan layihənin adı «Nargiz, welcome to Georgia»dır (“Nərgiz, Gürcüstana xoş gəlmisən”). Beləliklə, indi artıq “Nərgiz” Gürcüstanda da dərc olunacaq.
Tədbirdə Ü.Rəhmanova və “Nərgiz” jurnalının direktoru Könül Nağıyeva Azərbaycanın mətbuat sahəsində çalışan hər kəsi əməkdaşlığa dəvət ediblər: “Maraqlanan şəxslər CV, layihə və məqalələrini Nəşriyyat evinə göndərə bilərlər. “Nərgiz” Nəşriyyat evi getdikcə genişləndiyi üçün azərbaycan, rus, hətta ingilis dilində yazan jurnalistlərə ehtiyac yaranacaq.”
– See more at: http://salamnews.org/az/news/read/110661#sthash.ytx1ShSz.dpuf