Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırıb

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) aprelin 17-də işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, konfransın bağlanış mərasimində çıxış edən ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın vacibliyini qeyd etdi. Bildirdi ki, bu mübarizənin bütün iştirakçıları uğur qazanmaq üçün yüksək əzmkarlıq və güclü həmrəylik nümayiş etdirməlidirlər. Bu prosesdə yaxşı əlaqələndirilmiş fəaliyyət, düşünülmüş proqram və strategiyaların hazırlanması və uğurla reallaşdırılması vacib əhəmiyyət daşıyır. DEA öz fəaliyyətində məhz bu prinsiplərin həyata keçirilməsinə çalışır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdıran Uttam Dillon DEA-nın bu sahədə müxtəlif beynəlxalq təşkilatlarla və ölkələrlə fəal əməkdaşlıq etdiyini deyib. O, Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu və mühüm müzakirələrin aparıldığını vurğulayaraq dedi ki, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar göndərildi.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-leytenantı Səfər Mehdiyev bəşəriyyəti narahat edən başlıca problemlərdən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda səmərəli müzakirələrin aparıldığını bildirdi. Səfər Mehdiyev dedi ki, bu gün dünyada qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi bu sahədə peşəkar olan mütəşəkkil qruplar tərəfindən həyata keçirildiyi üçün ona qarşı mübarizə olduqca çətindir. Ona görə də aidiyyəti qurumlar və dövlətlər fəal informasiya və təcrübə mübadiləsi aparmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı, cəmiyyətdə geniş maarifləndirmə işi həyata keçirilməlidir. Bu mübarizədə yalnız birgə fəaliyyət və sıx əməkdaşlıq şəraitində qalib gəlmək mümkündür. Bakı konfransının da ən böyük əhəmiyyəti burada məhz beynəlxalq əməkdaşlığın, təcrübə və informasiya mübadiləsinin önəminin diqqət mərkəzində saxlanmasıdır.

Mötəbər konfransın ölkəmizdə yüksək səviyyədə təşkili ilə bağlı tapşırıqlarına və bilavasitə dəstəyinə görə dövlətimizin başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirən Səfər Mehdiyev dedi ki, bu tədbirin ölkəmiz üçün əhəmiyyətini artıran ən mühüm amillərdən biri də dünyanın 115 ölkəsindən gəlmiş əcnəbi qonaqların Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, dünyaya örnək təşkil edən multikultural ənənələri ilə tanış olmaq imkanıdır.

Səfər Mehdiyev çıxışının sonunda konfransın Bakıda keçirilməsi təşəbbüsünə görə DEA-ya, eləcə də tədbirin təşkilində zəhməti olan qurumlara və şəxslərə minnətdarlığını ifadə etdi.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli HəsənovNarkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı səmərəli müzakirələrin, fikir və təcrübə mübadiləsinin aparılmasını yüksək qiymətləndirdi. Baş nazirin müavini diqqətə çatdırdı ki, konfrans çərçivəsində regional qrupların sessiyalarında müxtəlif qurumların, ölkələrin nümayəndələri maraqlı məruzələrlə çıxış etdilər, fəal müzakirələr apardılar.

Əli Həsənov bildirdi ki, konfransda 100-dən çox ölkənin təmsil olunması narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin çox ciddi təhlükə olduğunu və bunun dövlətləri xeyli dərəcədə narahat etdiyini göstərir. Çünki narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyini təhdid edən ən başlıca problemlərdən biridir. Müharibələr və terrorizmin fəsadları dərhal hiss olunur. Lakin narkomaniya bilavasitə genofondu məhv etməklə bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaradır. Onun fəsadlarının təsiri illərlə davam edir. Buna görə də dünya ölkələri, aidiyyəti qurumlar və mütərəqqi ictimaiyyət narkotiklərlə mübarizəyə daha ciddi diqqət yetirməlidir.

Tədbirin ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifinin Azərbaycan dövləti tərəfindən dəstəklənməsi sayəsində təşkil olunduğunu vurğulayan Baş nazirin müavini Prezident İlham Əliyevin konfransa böyük əhəmiyyət verdiyini vurğulayaraq dedi: “Bu mühüm tədbirin təşkilində hər iki tərəfin rolu böyükdür. Hər iki tərəf çox yüksək hörmətə və nüfuza malikdir. Prezident İlham Əliyev bu tədbirin Bakıda keçirilməsinə dərhal razılıq verdi. Bu tədbirə böyük önəm verən Azərbaycan dövlətinin başçısı konfransın yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlarını verdi, Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Konfransda Azərbaycanın aidiyyəti dövlət qurumları ən yüksək səviyyədə təmsil olundu. Bu, ölkəmizin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi böyük önəmin göstəricisidir”.

Narkomanlığın, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin hər il minlərlə insanın həyatını itirməsi ilə nəticələndiyini vurğulayan Baş nazirin müavini bildirdi ki, qətiyyətli mübarizənin aparılması üçün konvensiyalar və mübarizə üsulları dövrün tələblərinə uyğunlaşdırılmalı, bu sahədə çalışan şəxslərin təhlükəsizliyi təmin olunmalıdır. Narkotiklərlə mübarizədə heç bir ölkə təkbaşına uğur qazana bilməz. Bu, dünya birliyinin əsas vəzifəsidir. Ona görə də bu sahədə beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir.

Sonra tədbirin təşkilində iştirak edən könüllülərə bütün iştirakçılar adından minnətdarlıq ifadə olundu.

Daha sonra bu sahədə uğurlu fəaliyyətinə və konfransın yüksək səviyyədə təşkilində bilavasitə iştirakına görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə DEA-nın adından təşəkkür plaketi təqdim olundu.

Beləliklə, Bakıda yüksək səviyyədə təşkil edilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırdı.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan üçgünlük Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaq idi.

Dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsi üçün əlverişli şərait yaradıb.

Beynəlxalq konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.

Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan beynəlxalq konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.

Üçgünlük Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılıb, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO