Bakı Şəhər Baş Polis İdarəsinin 2013-cü ilin 9 ayı ilə bağlı hesabatında bildirilir ki, hesabat dövründə Bakı şəhərində DİN və prokurorluq üzrə ümumən 7 467 cinayət qeydə alınıb, onların 6 181-i və ya 82,7%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3%-i isə ağır və xüsusilə ağır cinayətlər olub.
Ümumi cinayətlərin 74,4%-nin, ağır növ cinayətlərin 77,7%-nin, bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin 60,2%-nin açılması təmin olunub.
30 soyğunçuluq və quldurluq cinayəti törətmiş 79 nəfərdən ibarət 28 qrup, eləcə də 163 şəxsi əmlak oğurluğu cinayəti törətmiş 218 nəfərdən ibarət 84 qrup ifşa edilib.
Lakin son 10 gün ərzində Bakının Sabunçu rayonun Sabunçu qəsəbəsində peyda olaraq əhali arasında ciddi narahatlıq yaradan quldur dəstəsini zərərləşdirmək mümkün olmur. Təxminən 10-12 mənzil, 2 marketin qərat edilməsi ilə yanaşı, ayrı-ayrı bir neçə şəxsin fiziki zor tətbiq edilərək soyulması qəsəbədə əməlli-başlı gərginlik yaradıb. Qeyd edək ki, mənzili qərat edilən şəxslərdən biri jurnalist həmkarımızdır.
Adının açıqlanmasını hələ istəməyən həmkaramızın Modern.az-a dediyinə görə, cinayətkarlar əsasən gecələr, bir çox halda isə ev sahibləri evdə olarkən mənzillərə daxil olurlar ki, bu cür riskli hərəkəti edənlərin nə dərəcə təhlükəli və amansız olmalarını təxmin etmək olar. Həmçinin gecə vaxtı küçədə soyduqları şəxslərə ciddi xəsarət yetiriblər. Hətta təhlükə o qədər artıb ki, məhəllələrdə qonşular gecələr növbə ilə keşik cəkməyə başlayıblar.
Həmkarımızın mənzilində ekspertlər tərəfindən cinayətkarlara məxsus xeyli sayda əl izlərinin aşkarlanması onların elə də peşəkar oğru olmadıqlarını göstərir. Lakin artıq 10 gündür davam edən silsilə cinayətlərin qarşının hüquq-mühafizə orqanları tərəfindən hələ də alına bilməməsi təəccüb və təəssüf doğurur.
8 gün əvvəl mənzili qarət edilən həmkarımızın işin gedişi ilə gündəlik olaraq maraqlanmasına baxmayaraq, məlum olub ki, cinayət işi hələ istintaqa verilməyib. Təbii ki, proseslərin bu cür ləng aparılması cinayətkarların qısa müddətdə silsilə qərat əməlləri törətmələrinə və özlərini sərbəst aparmalarına şərait yaradır.