Bakıda, “Four Seasons” otelində AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası işə başlayıb.
SalamNews xəbər verir ki, iclas 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədilə təşkil edilib.
Tədbirdə qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri – Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru Piter Kropş, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk, Argentinanın TELAM Agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri Jan Manuel Fonruj, Koreya Respublikasının Yonhap Agentliyinin biznes və beynəlxalq məsələlər üzrə müdiri Oh Jae-seok və başqaları iştirak edirlər.
AzərTAc-ın baş direktoru Aslan Aslanov iclası açaraq tədbirin əhəmiyyətindən danışıb, Şuranın nizamnaməsinə əsasən Dünya Xəbər Agentliklərinin konqresləri arasındakı müddətdə onun ən azı iki iclasının keçirildiyini bildirib. Vurğulanıb ki, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda olacaq və həmin tədbirdə bu nüfuzlu quruma sədrlik AzərTAc-a keçəcək.
Baş direktor iclasın gündəliyində növbəti Konqresin keçiriləcəyi vaxtın, iştirakçıların tərkibinin, tematik çərçivələrin, məruzəçilərin və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələlərinin yer aldığını bildirmiş və bu istiqamətdə müzakirələrin aparılacağını vurğulayıb.
İclas işini davam etdirir.
– See more at: http://salamnews.org/az/news/read/128759#sthash.heNVHra8.dpuf