Yaxın günlərdə Bakının ictimai nəqliyyatında gediş haqqına görə vahid nağdsız ödəniş kartları tətbiq ediləcək. Bunu Trend-ə “Bakı Metropoliteni” QSC-dən deyiblər.
“Bakı Kart” hesabının doldurulması üçün terminallar artıq Bakı metrosunun bəzi stansiyalarında quraşdırılıb.
Yeni kartın qiyməti 2 manat olacaq və onlar ilkin mərhələdə metroda gediş üçün hazırda istifadə edilən kartlarla bərabər istifadə ediləcək.
Bundan başqa, bu il mayın sonunda Bakının 6 sərnişin avtobusunda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılacaq. “Bakı Sərnişin Nəqliyyatı” MMC-dən Trend-ə verilən məlumata görə, sistemin tətbiqi üzrə ilkin tədbirlər yekunlaşmaq prosesindədir. Ödənişli nəqliyyat kartlarının satışı mayın sonunda başlamalıdır.
Məlumatda deyilir: “Nağdsız ödəniş sisteminin tətbiqi üzrə iş prosesində Bakının mərkəzi hissəində 29 marşrut xəttində işləyən iri tutumlu “Daewoo” markalı 515 avtobus müəyyənləşib. Həmin avtobuslarda elektron ödənişlərin həyata keçirilməsi üçün “Validator” tipli avadanlığın quraşdırılmasına başlanılıb. Hazırda sınaq mərhələsindən keçən 52 nömrəli marşrut üzrə işləyən 10 avtobusda müvafiq avadanlığın quraşdırılması artıq başa çatıb. Nağdsız ödəniş sistemi mayın sonuna 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək”.
Həmçinin qeyd edilir ki, digər şəhərdaxili marşrutlarda avadanlığın quraşdırılması və onlara nağdısz ödəniş sisteminin tətbiqi cari ilin sonuna başa çatacaq: “Bu mərhələ yekunlaşdıqdan sonra şəhərətrafı marşrut xətlərində işləyən avtobuslarda zəruri avadanlığın quraşdırılması üzrə tədbirlər görüləcək”.