Bahar Muradova: “Azərbaycana təzyiq göstərmək çağırışları ölkəmizi gözü götürməyən dairələrin işidir “

“İstər ölkə içindən, istərsə də ölkə kənarından Azərbaycana təzyiqlər göstərmək istiqamətində çağırışlar Azərbaycanın müstəqil şəkildə inkişafını, müstəqil şəkildə iradə ortaya qoymasını, öz imkanlarını, resurslarını müstəqil şəkildə idarə etməsini və bunun da nəticəsində ən müxtəlif regional və beynəlxalq layihələr reallaşdırmasını gözü götürməyən dairələrin əməlləridir”.

Bunu Trend-ə Azərbaycanda guya insan haqlarının pozulmasına dair ABŞ-ın dövlət katibi Con Kerriyə göndərilən açıq məktubu şərh edərkən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova vurğulayıb ki, əgər Azərbaycan iqtisadi cəhətdən digər ölkələr kimi başqa dairələrdən, ayrı-ayrı ölkələrdən asılı olsaydı, onu idarə etmək daha asan olardı və belə məsələlərə də ehtiyac qalmazdı: “Azərbaycan özü öz taleyinin sahibidir və heç bir başqa ölkənin, təşkilatın, beynəlxalq dairənin köməyi olmadan öz problemlərini özü həll edir, ciddi bir təcavüz faktı ilə üz-üzə qalmasına baxmayaraq, bunun da nəticələrini özü müstəqil şəkildə aradan qaldırır və bununla bağlı qətiyyətli şəkildə öz mövqeyini ortaya qoyur”.

Vitse-spiker qeyd edib ki, Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan siyasət yeritdiyi üçün bu regionda ən müxtəlif maraqlarını güdən dairələr öz planlarını reallaşdıra bilmədiklərindən bu cür idarə olunan, siyasətdə, ictimai həyatda uğur qazana bilməyən xırda-para adamların vasitəsilə beynəlxalq təşkilatlara, ölkə rəsmilərinə müraciətlər formasında Azərbaycanı gözdən salmağa çalışırlar: “Amma bu, birinci dəfə deyil, biz dəfələrlə belə hallarla rastlaşmışıq. Bütün bunlara baxmayaraq, Azərbaycan öz inkişaf yolu ilə çox inamla irəliləyir, yeni-yeni uğurlara imza atır və bütün beynəlxalq, regional və ölkədaxili layihələri də uğurla həyata keçirir. Bu dəfə də belə olacaq. İlk Avropa Oyunları ərəfəsidir. Hələ bu Oyunlar keçirilənə qədər və bundan bir müddət sonra bu cür hərəkətlər davam edəcək. Ona görə də bütün bunlardan çəkinmədən və buna qarşı müxtəlif təsirli tədbirlər görməklə Azərbaycan öz planlarını həyata keçirəcək. Buna hər kəs – dostlarımız da, düşmənlərimiz də əmin olsun”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO