Baş redaktorun həbs müddəti daha 1 ay uzadılıb

Aprelin 12-də Nəsimi rayon Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs müddəti daha bir ay – mayın 20-dək uzadılıb. İstintaq orqanının həbs müddətinin uzadılması ilə bağlı təqdimatı əsasında qərarı hakim Şəlalə Həsənova çıxarıb. Bu barədə “Xural”ın redaksiyasından məlumat verilib.

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Qabil Qasımov məhkəməyə ünvanlandığı təqdimatında istintaq işinə CM-nin 306-cı maddəsinin – məhkəmə qərarlarının icrasına əməl etməmə və CM-nin 213-cü maddəsinin – vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə məsuliyyət – daxil olunmasını “səbəb” gətirərək, müddəti daha 1 ay uzatmaq haqda vəsatətə qaldırıb. Vəsatət hakim tərəfindən təmin olunub.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Ə.Zeynallı haqqında məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında CM-nin 306-cı maddəsi ilə cinayət işi açmışdı. Ə.Zeynallı haqda həbs-qətimkan tədbirinin müddəti bu ilin yanvar ayında uzadılandan sonra Korrupsiyaya qarşı Mübarizə İdarəsi istintaq işinə Ə.Zeynallının vergidən yayınması ilə bağlı CM-nin 213-cü maddəsini də əlavə edib.

Məhkəmədən sonra vəkil Elçin Sadıqov bildirib ki, Nəsimi rayon məhkəməsinin bu qərarını da əsassız hesab edir və bu məsələ ilə bağlı apellyasiya şikayəti veriləcək: “Ümumiyyətlə, Əvəz Zeynallı haqqında istintaqın aparılması belə əsassız dəlillərə söykənir və onların heç birinin qanuni əsası yoxdur“.

2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub.
Baş redaktor isə ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO