Baş redaktorlar Müstəqil Mətbuat Ombudsmanı yaradılmasını daha düzgün saydı

Xəbər verildiyi kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçirilib. İclasda ombudsmanın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan “İnsan Hüquqları üzrə Müvəkkil Haqqında” Konstitusiya qanununa əlavə və dəyişikliklər müzakirə edilib.

Qanuna əlavə və dəyişikliklərdən danışan Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov mətbuata açıqlamasında deyib ki, sənədə əsasən, müvəkkil informasiya sahibi olan dövlət orqanları və ya vəzifəli şəxslərin “İnformasiya Əldə Etmək Haqqında” Qanundan irəli gələn vəzifələri yerinə yetirməsi üzərində nəzarəti həyata keçirməlidir. Onun sözlərinə görə, parlamentin 2005-ci ildə qəbul etdiyi həmin qanunda mətbuat üzrə ombudsman institutunun yaradılması nəzərdə tutulurdu. Lakin indiyədək belə bir institut yaradılmayıb. Təklif edilən layihə isə bu səlahiyyətin indiki ombudsmana verilməsini planlaşdırır.

Xatırladaq ki, milli preventiv qrupun üzvü öz funksiyalarının yerinə yetirilməsilə əlaqədar ona məlum olan faktlar barədə ifadə verməyə məcbur edilə bilməz.

Millət vəkillərinin fikrincə, indiki ombudsmana bu sahədə də səlahiyyətlər verilməsi onun işini kifayət qədər mürəkkəbləşdirəcək. Müzakirədə iştirak edən ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Meltes informasiya azadlığı üzrə ayrıca ombudsman institutunun yaradılmasını məqsədəuyğun sayıb. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə bildirib ki, ombudsman Elmira Süleymanova indiyədək informasiya azadlığı üzrə fəaliyyət göstərib. İndiki dəyişiklik isə onun səlahiyyətlərini dəqiqləşdirir.

İclasın sonunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatda Media Ombudsmanı vəzifəsinin insan hüquqları üzrə müvəkkilə ötürülməsilə bağlı təklif olunan dəyişikliklərə münasibət bildirib. Ə.Amaşovun sözlərinə görə, xarici təcrübədə elə ölkələr var ki, Ombudsman institutu vahiddir. Amma ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən ombudsmanlar da var: “Bizdə qanunla ayrıca olaraq İnformasiya üzrə Ombudsmanın yaradılması nəzərdə tutulmuşdu. Hər halda, mən bu müzakirələrin başlanmasını mütərəqqi hal sayıram. Əsas odur ki, prosesə start verilib”.

Ümumilikdə götürəndə, media ombudsmanı vəzifəsinin yaradılması daha məqsədəuyğun olardı. Bəs media üzrə mütəxəssislər necə düşünür?

Sözügedən məsələ ilə bağlı Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında media ombudsmanı vəzifəsinin ayrıca yaradılmasının tərəfdarı olduğunu bildirdi: “Beş il əvvəl “İnformasiya Əldə Etmək Haqqında” Qanun qəbul olunarkən, həmin qanunun bir müddəası da Media Ombudsmanının yaradılmasından ibarət idi.

Üstündən bir belə vaxt keçsə də, həmin maddə həyata keçmədi. Biz ümid edirdik ki, bir gün bu məsələ öz həllini tapacaq. Çox təəssüf ki, bəziləri sözügedən səlahiyyətlərin İnsan Haqları üzrə Ombudsmana həvalə olunmasını məqsədəuyğun sayır. Hesab edirəm ki, bu cür yanaşma düzgün deyil. Çünki bu ilk baxışda eyni görünən sahə olsa da, xarakterinə görə çox fərqlidir.

Ona görə ki, informasiya sahəsində olan ombudsmanın fəaliyyət proqramı daha genişdir. Ötən 7 il ərzində biz Elmira xanımın bu sahədə gördüyü işləri görmüşük və bilirik ki, çoxlu sayda görüləsi işlər var. Ona görə də yenidən informasiya sahəsində olan işin də ona verilməsi, fikrimcə, düzgün olmazdı. Ümid edirəm ki, parlamentin plenar iclasında komitənin irəli sürdüyü təşəbbüs keçməz. Gec də olsa, Media Ombudsmanı yaradılmalıdır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da analoji fikirdə olduğunu bildirdi: “Hesab edirəm ki, Elmira Süleymanovanın kifayət qədər işi var. Bu gün insan hüquqları sahəsində görüləcək işlər daha çoxdur.

O üzdən Elmira xanımın səlahiyyətlərinə yeni vəzifələrin əlavə olunması düzgün addım deyil. Ona görə də İnformasiya Ombudsmanının yaradılmasına çox böyük ehtiyac var. Çünki bir çox Avropa ölkələrində də informasiya müvəkkili fəaliyyət göstərir. Hətta hər bir qəzetdə belə, ombudsman fəaliyyət göstərir. Bizdə də belə bir institutun formalaşmağı çox mütərəqqi addım olardı.

O baxımdan ki, Azərbaycanda jurnalistlərin ən böyük peşə problemi informasiyanın əldə olunması ilə bağlı yaranan problemlərdir. Ombudsman olandan sonra isə biz informasiyanın əldə olunması zamanı maneələri aradan qaldırmaq üçün əlavə stimul əldə edəcəyik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO