AzTV-nin əməkdaşı ittihamlara cavab verdi


Bu günlərdə “Gündəm xəbər” qəzetində dərc edilən “AzTV-nin bölgə müxbiri pritonu himayə edir” başlıqlı yazı ciddi rezonansa səbəb olub. Məqalə ilə bağlı yazıda adıçəkilən bölgə müxbiri “Gündəm xəbər” qəzetindən cavab haqqı istəyib və hazırladığı məktubu qəzetə təqdim edib.
“Amma adıçəkilən qəzet KİV haqqında qanuna önəm verməyərək, əks-tərəfin mövqeyini dərc etməkdən imtina etdi. Bu isə onu göstərir ki, nəşr sözün həqiqi mənasında mənəvi terrorla məşğuldur”-deyən AzTV-nin bölgə müxbiri Fadil Paşayev məktubun Modern.az-da dərc olunmasını istəyib. Onun dövrü mətbuata cavab məktubunu təqdim edirik.

““Gündəm xəbər” qəzeti mənəvi terrorla məşğuldur”

– “Gündəm Xəbər” qəzetinin 25 avqust 2011-ci il sayında dərc edilən “AzTV-nin bölgə müxbiri pritonu himayə edir” başlıqlı yazısı məni son dərəcə hiddətləndirdi. Yazı nəinki həqiqətə uyğun deyil, əksinə dəqiqlik və obyektivlik prinsipləri pozulmaqla bir insan kimi mənim şərəf və ləyaqətimə toxunulub. Qəzetin əməkdaşı haqqında dərc etdirdiyi hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır. Görkəmli Amerika yazıçısı, Amerika ədəbiyyatının atası sayılan Mark Tven deyirdi: “Biz mətbuat azadlığı əldə elədik. Lakin insanları mətbuatın qəsdlərindən qorumağı öyrənə bilmədik”. Hesab edirəm ki, tam qərəzli şəkildə dərc edilən məqalə eyni zamanda çalışdığım Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nüfuzuna da xələl gətirmək məqsədi daşıyır.

Sözügedən yazı heç bir ictimai yük daşımayıb olduqca qərəzli və sifarişli mərama xidmət edib. Təəssüflər olsun ki, hələ də sıralarımızda bu gün belə üzdəniraq yazarlar var. Məhz belə “yazarlar” və informasiya mənbələridir ki, “öz arşını ilə don biçirlər”. Bildirmək yerinə düşər ki, birincisi, pritona himayə etmək barədə əməllərdən bəhs edən yazı Aztv-nin bölgə müxbiri kimi mənim peşə fəaliyyətimə heç bir aidiyyəti olmayıb ürəkbulandırıcı qeybətdən başqa bir şey deyil. İkincisi, mənim bir insan kimi xislətimə belə şeylər yaddır. Hesab edirəm ki, priton-kafeləri işlətmək, fahişələrdən pul qazanmaq və ya buna oxşar əməllər törətmək heç bir mənəviyyata sığmır. Yaxşı olardı ki, bölgə müxbiri həmin pritonların mövcudluğu və sayı barədə ətraflı məlumat verəydi və onların əsl himayədarlarını aşkara çıxaraydı. Belə çıxır ki, bu, yazı müəllifinin qəti marağında olmayıb, düşük və iyrənc “faktlarını” dərc etməklə kifayətlənib.

Şər dolu məqalədə bildirilir ki, guya AzTV-nin bölgə müxbiri hər ay alınan 200 manat müqabilində hədə və şantaj yolu ilə ora “təşrif buyuran” jurnalistləri uzaqlaşdırmağa məsul imiş. Mənə belə gəlir ki, bu vəzifəni boynuna götürən hansısa bişərəf hər ay “məvacib” alan pritonun “mətbuat xitməti”ndə çalışa bilər. Məqalə müəllifi ünvanı düz tapmamaqla bu alçaq işi də boynuna götürən mıxbirlərdən (bəli məhz mıxbirlər) xəbərsiz olub. Digər tərəfdən, deyəsən, “Gündəm Xəbər”in bölgə müxbiri elə özü hesab etdiyi priton-kafeyə vaxtaşırı, məqsədli şəkildə gedərkən üzünə yaxşı baxmayıblar və ona hədə-qorxu gəliblər. Qısası, “Gündəm-xəbər” bir Azərbaycan vətəndaşı kimi həyatıma qəsd etməklə və məqaləni dərc etməklə mənə qarşı mənəvi terrora əl atıb. Bu mənada iyrənc dolu yazının verilməsi, nəinki peşəkarlıq, heç insanı əməl kimi də qiymətləndirilə bilməz. Qəzetçilik baxımından da məqalə birtərəfli, ucuz, bəsit və əsassız şəkildə, eləcə də “çayxana söhbətləri” kimi təqdim edilib. Özünə hörmət edən mətbu orqan belə biabırçı məqalənin dərcinə yol verməzdi. Ciddi şəkildə informasiya mənbəyi bilinməyən, absurd cümlələrdən ibarət “məqalə” bir daha onu göstərir ki, hələ də mövcud qəzetçilikdə qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılır. Hələ bu azmış kimi özünü çəkili mətbu orqan hesab edən “Gündəm-xəbər” məqaləni manşetə çıxarmaqla peşəkarsızlığını nümayiş etdirib. Belə ki, qəzetin birinci səhifəsində verilən şəkil bir məqama da aydınlıq gətirir: Mətbuat Şurası ilə ATƏT-in birgə hazırladığı Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında göstərilən prinsiplərdən birində deyilir: Foto-simvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir. Bütün bunlardan sonra qəzetin məhkəməyə verilməsi üçün müraciət etmək hüququmdan məmnuniyyətlə istifadə edərdim. Lakin dəyərli qəzetçi dostlarımın, jurnalist həmkarlarımın məsləhətini nəzərə alaraq və humanizm prinsiplərini əsas götürərək bu addımı atmaqdan imtina edirəm. Zatən “Gündəm-xəbər” qəzetinin vəziyyəti acınacaqlı haldadır. Ancaq bu o demək deyil ki, bu tipli mətbu orqanlar mənəvi terrorunu davam etdirməli, düşünülmüş və ya düşünməmiş şəkildə cəmiyyəti çaşdıracaq informasiyalarla gündəmə gəlməlidrlər. Bir köhnə qəzetçi kimi məsləhət görərdim ki, “Gündəm-xəbər” cəmiyyətdə mövcud olan problemləri publisistik şəkildə təqdim etsin, təsadüfən əldə etdiyi “məlumatları” dəqiqləşdirməklə bu yöndə apardıqları təhqiqatları özünəməxsus, şirin üslubda oxucuların ixitiyarına versin. Belə qəzetlər informasiyaları gözüyumulu, kinli, aqressiv, şər və böhtanla dolu şəkildə təqdim etməklə cəmiyyətdə nəinki nüfuz qazanırlar, əksinə mətbu orqan kimi yox, insanlarda ümidsizlik yaradan və ətrafa səpələnən divar kağızı rolunu oynayırlar. TƏƏSSÜF!!!

P.S. Yenicə əldə etdiyim məlumata görə, “Gündəm xəbər” qəzetini adı Mətbuat Şurasının peşə prinsiplərinə laqeyd yanaşan, insanların şərəf və ləyaqətini ləkələyən kütləvi informasiya vasitələri üçün tərtib etdiyi “qara siyahı”da da yer alır. Məncə, hər şey aydındır. Qəzetin hələ neçə-neçə şəxslər barədə belə biabırçı materiallar yayımladığını bir anlığa təsəvvür edin. Bir daha TƏƏSSÜF!!!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO