AzTU-da “Təhsildə və elmdə innovasiya texnologiyaları” mövzusunda elmi praktiki konfrans keçirilir

Noyabrın 21-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali təhsil müəssisəsinin 60 illik yubileyinə həsr olunmuş “Təhsildə və elmdə innovasiya texnologiyaları” mövzusunda respublika elmi-praktiki konfransı işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən iştirakçılar məzarların üzərinə güllər qoymuşlar.
AzTU-da işini davam etdirən tədbirdə universitetin rektoru, professor Havar Məmmədov respublikamızda təhsilin inkişafındakı xidmətlərinə görə bu ali təhsil ocağının bir əməkdaşının “Şöhrət” ordeni, 18 nəfərin “Tərəqqi” medalı ilə təltif olunması, üç nəfərə “Əməkdar Elm xadimi”, 16 nəfərə “Əməkdar Müəllim”, səkkiz nəfərə “Əməkdar Mühəndis”, bir nəfərə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin noyabrın 10-da imzaladığı sərəncamlarını oxumuşdur.
H.Məmmədov təhsilimizə göstərdiyi diqqət və qayğıya görə rəhbərlik etdiyi kollektivin adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Rektor müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilimizin inkişafında, onun dünya təhsil sisteminə inteqrasiya olunmasında misilsiz xidmətlərini xatırlatmış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. H.Məmmədov universitetin müəllim və tələbələrini yubiley münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Konfransda “60 ilin uğurları” mövzusunda məruzə ilə çıxış edən professor H.Məmmədov demişdir ki, 1950–cu illərin əvvəllərindən respublikada elmi-texniki, mədəni, ictimai düşüncənin milli mənafe və məfkurəyə uyğun inkişafı prosesində mühüm rol oynamış AzTU elm və təhsil tariximizə sanballı töhfələr vermişdir. Universitet mühəndis kadrları hazırlığı sahəsində öncül mövqeyini bu gün də qoruyub saxlayır.
Bildirilmişdir ki, ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən olan AzTU iqtisadiyyatın müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları – ixtisaslı kadrları ilə Azərbaycanın inkişafında böyük izlər qoymuş, özünəməxsus elm və təhsil ənənələri formalaşdırmışdır. Universitet müstəqil ali məktəb kimi fəaliyyətə başladıqdan sonrakı dövr ərzində müxtəlif ixtisaslar üzrə 90 mindən çox mühəndis hazırlamışdır.
Hazırda AzTU-da 9 fakültə, 47 kafedra, bir elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Universitetdə 26 istiqamət və 68 ixtisas üzrə bakalavr və magistr hazırlanır. 633 professor və müəllim yeddi mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olur.
Tədbirdə AzTU-nun professoru Həsən Hüseynovun “Yüksək texnologiyalar və ali təhsil”, dosent Natiq Əhmədovun “Azərbaycan Texniki Universitetinin avtomatlaşdırılmış informasiya (Elektron-AzTU) sisteminin “Dekanlıq” və “Beynəlxalq əlaqələr” altsistemləri” mövzularında məruzələri dinlənilmişdir.
Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO