Bu günlərdə Türkiyədə, Ankaranın məşhur “Bengü” nəşriyyatında tanınmış yazıçı Əjdər Olun “Komutanın maymunu” (“Hərbi səhra komandirinin meymunu”) adlı hekayələr kitabı nəşr olunub. 11 hekayənin daxil olunduğu kitabın tərcüməçisi tanınmış türk yazıçısı və tərcüməçisi, son illər müasir Azərbaycan Ədəbiyyatında davamlı və maraqlı tərcümələr edən İmdat Avşardır. Nəşriyyatın və kitabın redaktoru Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu, nəşrin koordinatoru “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğludur. Kitabda müəllif haqda müfəssəl avtobioqrafik məlumatla yanaşı “Tənqid.net” jurnalının baş redaktoru, doktor Tehran Əlişanoğlunun Əjdər Ol haqqında yazısından fraqment, habelə müəllif haqqında “İzvestiya” (Rusiya), “Orta Doğu” (Türkiyə) kimi ciddi nəşrlərdə yer almış rəylərdən parçalar yerləşdirilib. Kitabdakı tərcümələr “Dünya ədəbiyyatı” jurnalının “Azərbaycan ədəbiyyatını təbliğ proqramı” çərçivəsində hazırlanıb.