Azərbaycanda xarici çap mətbuatının abunəçiləri azalıb

“Qaya” firmasının rəhbəri: “Avropadan gətirilən qəzet və jurnalların qiymətləri bahadır”

Vaxtı ilə Azərbaycana Rusiyadan, habelə Avropa ölkələrindən gətirilən mətbu nəşrlərin xüsusi ilə yolunu gözləyən abunəçilər var idi ki, onlar informativ, analitik-hesabat xarakterli məlumatları oradan almaqla kifayətlənirdilər. İnternetin sürətli inkişafından sonra Rusiyadan və başqa Avropa ölkələrindən qəzet və jurnalların gətirilməsi nə durumdadır? Əvvəlki illərlə müqayisədə mətbuat yayımları öz abunəçilərini itirməyibmi?

“Qaya mətbuat yayımı” firmasının rəhbəri Xanhüseyn Əliyev bildirib ki, xarici mətbu nəşrlərin abunəçilərinin sayı əməlli-başlı azaldıb. “Qəzet və jurnallar Rusiya, Ukrayna, Türkiyə, İngiltərə, Amerika, İtaliya və Almaniyadan gətirilir. Yəni tələbata uyğun. Avropa ölkələrinin qəzetlərini bir mənbədən götürürük. Çünki ayrı-ayrı dövlətlərdən qəzet almaq baha başa gəlir. Hazırda Rusiya və Avropa qəzetlərinə tələbat getdikcə azalır, bununla bağlı olaraq satış da məhdudlaşıb. Məsələn, “Finencal Times”ın Azərbaycana gətirilən sayı 50 nüsxədən artıq deyil. Daha çox əyləncə xarakterli qəzet və jurnallar gətirilir. Rusiyadan gələn “İzvestiya, “Komsomolka” qəzetləri artıq Azərbaycanda çap olunduğu üçün ölkəmizə gətirilmir. Avropa jurnalları isə yeni-yeni bazarımıza daxil olur. Oradan gətirilən qəzet və jurnalların qiymətləri bahadır. Məsələn, “Finencal Times”ı 4-5 manatdan ucuz olmur”.

“Azərmətbuatyayımı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Əsgərov isə Rusiyadan nəşrlərin daha çox müəssisə və nazirliklərin sifarişi əsasında gətirildiyini deyib. ““Rospeçat” agentliyi ilə müqavilə əsasında ASC abunəçiləri üçün nəşrlər alır. Başqa ölkələrdən isə çap məhsulları gətirilmir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO