Sosial şəbəkələrlə bağlı olan Socialbakers beynəlxalq saytının statistikasına görə, Azərbaycanda ümumi internet istifadəçilərinin 63 faizini kişilər, 37 faizini isə qadınlar təşkil edir. Bu fərq sosial şəbəkələrə daxil olan qadınların sayının kişilərdən az olmasında da özünü göstərir. Bundan əlavə, digər fərq internetə, o cümlədən sosial şəbəkələrə daxil olan istifadəçilərin yaş fərqindədir. Belə ki, Azərbaycanda ümumi internetə daxil olanların 50 faizə yaxınını 18-24 yaşlı gənclər təşkil edir. Amma dünyada bu göstəricini əsasən 40 yaşa qədər olan insanlar təşkil edir.
Məsələn, Facebook sosial şəbəkəsində hazırda Azərbaycandan 526 180 nəfər istifadəçi var və bununla ölkəmiz dünyanın 200 ölkəsi arasında 92-ci yerdə qərarlaşıb. Faceook-dan istifadə edənlər ümumi ölkə əhalisinin 6.34 faizini, internet istifadəçilərinin isə 14.26 faizini təşkil edir. Yaş göstəricilərinə gəlincə isə Facebook-dan istifadə edənlər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir. Belə ki, onlar ümumi istifadəçilərin 47 faizini təşkil edir.
Digər yaş qruplarına görə: 25-34 yaşlı insanlar 24 faiz, 16-17 yaşlı yeniyetmələr 12 faiz, 13-15 yaşlı uşaqlar 7 faiz, 35-54 yaşlı insanlar 8 faiz, 55-64 yaşlılar faiz, 65-dən yuxarı isə 0 faiz.
Facebook sosial şəbəkəsindən istifadə edənlərin 64 faizini kişilər, 36 faizini isə qadınlar təşkil edir.
Azərbaycanda istər qadın və kişilər, istərsə də gənc və orta nəsil arasında internetdən istifadə ilə bağlı bu qədər fərqin yaranmasının səbəbi nədir? Qadınlarımızın bu nisbətdə azlıq təşkil etməsi mentalitetdən irəli gəlir?
Modern.az-ın əməkdaşı məsələyə münasibət öyrənmək üçün sosioloq və psixoloqla əlaqə saxlayıb.
İnternetdən istifadə faydalı işlə bağlıdırsa, bu, artıq sevindirici məqamdır…
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev ümumiyyətlə bir çox ölkələrlə müqayisədə Azərbaycan qadınlarının həm internetdən istifadə, həm də ictimai-sosial həyatda fəallığının yüksək olduğunu və son illərdə bu aktivliyin artdığını bildirir.
“Əgər biz bunu milli mentalitetimizin əsas tərkib hissəsini təşkil edən, milli-mənəvi dəyərlərimizin formalaşmasında ciddi rol oynayan, İslam mənəviyyatının daışıyıcıları olan ölkələrlə müqayisədə götürsək, onların içərisində Azərbaycan qadınları ictimai-siyasi fəallığına görə bəlkə də yalnız Türkiyədən geri qala bilər. İnternetdən istifadə insanların həm biznes, həm elm, həm siyasət, həm də ictimai həyatın başqa sahələrindəki ictimai fəallığının bir göstəricisidir”.
Deputat qeyd edib ki, biz burada gəncləri, orta yaşlıları və yaşlıları götürsək, təbii ki, gənclərin içərisində qadınların sayının digər yaş qruplarına nisbətən artıq olduğunu görərik. Onun sözlərinə görə, bu, son illərdə Azərbaycanda gender siyasətinə dövlətin verdiyi xüsusi maraq, dəstək və önəmin real həyatda öz təsdiqini tapmasının göstəricisidir.
“Gender siyasətinin ölkəmizdə tam həyata keçirilməsi üçün bir sıra qanunvericilik aktları qəbul olunub, dövlət proqramı var və s. Bütün bunlar hamısı ictimai-sosial həyatda qadınların fəallığını situmullaşdıran hüquqi sənədlər, aktlardır. Hesab edirəm ki, yaxın illərdə internet nisbəti daha müsbət istiqamətdə dəyişərək, qadın və kişi bərabərliyinin əyanı göstəricilərindən biri olacaq. Bu rəqəmlərə görə nə təəssüf, nə də təşvif etməyə dəyməz. Bu bizim tarixi inkişafımızın reallığının göstəricisidir. Amma onu da deyim ki, 37 faiz qadının bu gün internetdən istifadə etməsi kifayət qədər böyük rəqəmdir. Mən bunun 20-25 faiz olacağını gözləyirdim”.
Musa Quliyev bu faizin daha çox gənc qızların hesabına formalaşdığını vurğulayıb. Lakin o bir məsələyə də diqqəti çəkib: internetdən istifadə nəyə yönəlib? Bunun səmərəliliyi nədən ibarətdir?
“Yoxsa bu Facebook-a girib yazışmaq, bir-birinə şəkil və ya salam göndərməkdirsə, bu o qədər də əhəmiyyətli sayılmaz. Amma internetdən istifadə birbaşa onun biznesi, təhsili, öz ictimai-siyasi fəal həyat mövqeyi ilə bağlıdırsa, bu artıq sevindirici məqamdır”.
Facebook-da 2000 dostu olanın gerçəkdə 2 dostu yoxdur…
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov hesab edir ki, dünyanın inkişaf etmiş ölkələrilə müqayisədə bu gün Azərbaycanda internet istifadəçilərinin əksəriyyətini kişilər təşkil etməsi zaman-zaman tənzimlənəcək və bu proses dayanmayacaq:
“Düşünürəm ki, bir müddətdən sonra internet istifadəçilərinin sayı da artacaq. Statistikaya baxsaq, görərik ki, bir evdə bir internet istifadəçisi var. Tutaq ki, evə bir internet xətti gəlib və psixologiyadan yaranan dolayı səbəblər ucbatından, bizdə kişi dominantlığı, kişi hömkranlığı olduğundan bu zaman çərçivəsindən daha çox kişilər faydalanmağa çalışırlar. Bir müddətdən sonra bu kvotikasiya başqa cür gedəcək. Artıq evdə olan üzvlərin hər birinin ayrıca internetə çıxışları olacaq. Bununla məsələnin qorxulu tərəfləri, insanlarda internetdən asılılıq başlayacaq”.
Bizdə də gününün 16 saatını internetdə keçirənlər var…
Psixoloqun sözlərinə görə, artıq bir sıra Qərb ölkələri, konkret olaraq Almaniya və yaxud Çin, Yaponiyada internetdən asılılıq diaqnozu formalaşıb: “Bu tip insanları bu gün orada reabilitasiyaya götürürlər. Azərbaycanda da rəsmi statistikada göstərilməsə də gün ərzində 14 saat, 16 saat internetdən istifadə edənlər var. Hansı ki, bu özü normal bir proses deyil. Bu tip insanlarda müəyyən de-adaptasiya formalaşır, onlar insanlarla ünsiyyət qura bilmirlər. Nə fikirləşirsə, virtualda fikirləşirlər. Yəni adam qurduğu cəmiyyət modelini reallıqda tapa bilmir. Onun yazışmalarına, həyata baxışına diqqət etsək, onlar reallıqla uyğunluq təşkil etmir. Məsələnin belə xoşagəlməz tərəfləri də var”.
Həmsöhbətimiz deyib ki, bu gün internetdən istifadə edənlərin əksəriyyətinin yeniyetmə olduğunu nəzərə alsaq, onda daha çox narahatedici faktorlar üzə çıxır: “O yeniyetmələrin ki, Facebook-da 2000 tanışı var, amma real həyatda oturub-durmağa heç 2 nəfəri yoxdur. Bu özü narahatedici faktordur. Bu proseslər də onların zamanlarının daha çox internetdə keçməsi ilə baş verir və nəticədə onlar zamanlarını tənzimləyə bilmirlər. Bundan da əsəb və gərinlik başlayır. Bu davranış, bir müddət sonra şəxsiyyət, daha sonra isə psixi pozğunluğa gətirib çıxarır”.
E.Rüstəmov yaş qruplarına görə internetdən istifadənin də vacib olduğunu bildirib: “İnternetdən biri var konkret məqsəd üçün istifadə edəsən, məsələn, hər hansı iş adamıdır və ya hansısa müəssisədə çalışır və internetdən konkret məqsəd üçün istifadə edir. Biri də var ki, bir-iki saat boş vaxtını keçirəsən. Bu gün yaşlı nəsil arasında internetə keçənlər gənclərə nisbətən ondan məqsədyönlü şəkildə istifadə edirlər. Hər hansı məktub göndərmək və ya informasiya almaq üçün”.
Psixoloq yaşlı nəslə nisbətən gənclərin internetdən daha çox istifadə etməsinin digər səbəbini virtual məkanda onlar üçün daha geniş imkanların açılması ilə əlaqəndirib: “İnternetdə tanışlıqdan tutmuş, müxtəlif əyləncə saytlarına qədər gənclər üçün müxətlif məkanlar açılıb. Yəni onlar üçün burada fəaliyyət genişdir. Yaşlı nəsil uzaqbaşı internetə keçib 80-ci illərin nostalji mahnılarına qulaq asacaq. Amma yeniyetmə, gənc həm 80-ci illərə, həm XXI əsr musiqilərinə, roka, caza qulaq asacaq. Bu da onların məqsədyönlülüyünün olmamasının nəticəsidir”.
Daha çox əyləncə saytlarına baxılır…
“Statistika göstərir ki, bizdə daha çox əyləncə saytlarına baxılır. İnformasiya portallarını da qınamaq olmaz, onlar da deyirlər ki, biz ciddi infirmasiya qoyuruq, amma az oxunulur”-deyə Elnur Rüstəmov sonda əlavə edib.