“Azərbaycan” qəzetinin 4 əməkdaşı baş redaktor Bəxtiyar Sadıqova etiraz olaraq işdən çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Təzadlar” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, təkcə son bir həftədə tanınmış jurnalist Akif Cabbarov, jurnalist Samir Mustafayev, Rasim Bayramov, həmçinin qəzetin texniki problemlərini həll edən Tural Əliyev Bəxtiyar Sadıqovun kitab biznesinin acı nəticələrini özlərinə təhqir hesab edərək qəzeti tərk ediblər: “Mənbə qeyd edir ki, B. Sadıqov uzun müddətdir ki, nəinki özünün adına dərc olunan intellektual yazıları, həmçinin Təhsil Nazirliyində işləyən həyat yoldaşının da məqalələrini onlara yazdırıb. Sən demə, həmin jurnalistlər “Müasir Azərbaycan – 20 il” adlı kitabını hazırlayıblar. Həmin kitabın təqdimatı yaxın vaxtlarda – müstəqilliyimizin 20 illiyi ərəfəsində baş tutacaq. Amma B. Sadıqov artıq həmin kitaba haram qatıb. Çünki həmin kitabın bütün ağırlığını Rasim Bayramovla Samir Mustafayev çəkib. Kitabın bütün yazısını onlar yazıblar və hazırlayıblar. Amma kitab işıq üzü görəndə “Buraxılışa məsul” kimi Bəxtiyar Sadıqovun adı göstərilib. Bu isə jurnalistləri qəzəbləndirib, onlar bu addımı müəlliflik hüququnun kobud surətdə pozulması, intellektual mülkiyyətin mənimsənilməsi kimi dəyərləndirərək, bunu özlərinə təhqir sayıblar və işdən çıxıb getməkdən başqa yol görməyiblər”.
Qəzet yazır ki, “adıçəkilən jurnalistlərin yazıb hazırladıqları həmin yazıların orijinalı redaksiyamıza təqdim olunub. Sadəcə, kitab yayıma verilmədiyindən hansısa tutuşdurma aparıb yazıda təqdim edə bilmədik. Xatırladırıq ki, son illər Qafar Cəbiyev, Telman Mehdixanlı kimi neçə-neçə tanınmış jurnalistlər də bu redaksiyanı tərk edib”.
“Təzadlar” məsələylə bağlı baş redaktor B. Sadıqovun münasibətini öyrənmək istəsə də, buna nail ola bilməyib.
“Qafqazinfo” da B. Sadıqovun da mövqeyini öyrənmək istədi. Amma baş redaktor informasiyanın kimdən, yazılı-imzalı, yoxsa e-maillə daxil olub-olmaması ilə maraqlandı. Hətta daxil olan müraciəti də istədi. B. Sadıqov çox əsəbi və hədə ilə danışdı. “Bu yazını sayta verməsəniz, kişi deyilsiz” deyən baş redaktor bu halda bizi məhkəməyə verəcəyi ilə hədələdi.
S. Mustafayev isə “Qafqazinfo”ya bildirib ki, o Azərbaycanı iki ay əvvəl tərk edib və hazırda KİVDF-də işləyir: “Heç bir narazılıq olmayıb. Sadəcə daha yaxşı iş tklif olunduğu üçün KİVDF-yə gəldim. Sözügedən kitabda isə qəzetin 5 əməkdaşının yazıları toplanıb. O yazıları bu ilin əvvəlindən hazırlamağa başlamışıq və hər dəfə də qəzetdə öz imzamızla təqdim olunub. Kitabı 5 müəllifin adından deyil, Azərbaycan qəzetinin adından təqdim etmək daha uğurlu variant olduğu üçün bununla razılaşmışıq”.
Rasim Bayramov da S. Mustafayevin dediklərini təkrarlayıb: “Heç bir narazılıq olmayıb”. O, Tural Əliyev və Akif Cabbarovun da işdən çıxmasını təsdiqləyib: “Amma bu hansısa narazılıqla bağlı deyil. Tural xəstə idi, ona görə çıxdı. Akif Cabbarov isə AzTV-yə keçdiyi üçün işdən çıxıb”. Özünə gəldikdə, R. Bayramov deyib ki, o hələ bu ayın sonuna kimi “Azərbaycan”da işləyəcək. Gələn aydan isə “Mövqe” qəzetində çalışacaq.