Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (bundan sonra – Fond) “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır.
1.2. Fond kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin həyata keçirilməsini təmin edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və bu Nizamnaməni rəhbər tutur.
1.4. Fond öz fəaliyyətində müstəqildir, bu Nizamnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət, yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, yerli, xarici və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
1.5. Fond öz fəaliyyətini qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur.
1.6. Fond tərəfindən kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin həyata keçirilməsi beynəlxalq təşkilatlar da daxil olmaqla, digər şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə yardım göstərilməsini məhdudlaşdırmır.
1.7. Fond müstəqil balansa, xəzinə hesabına, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.
1.8. Fond Bakı şəhərində yerləşir.
2. Fondun əsas məqsədi və vəzifələri
2.1. Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra – layihələr) və digər tədbirləri maliyyələşdirməkdir.
2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:
2.2.1. fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.2.2. kütləvi informasiya vasitələrinin inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək;
2.2.3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın (bundan sonra – Konsepsiya) məqsədlərinə və prioritet istiqamətlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək;
2.2.4 kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək;
2.2.5. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərlə çıxış etmək;
2.2.6 fikir, söz və məlumat azadlığı sahəsində araşdırmalar aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə tədbirlər həyata keçirmək;
2.2.7. öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək;
2.2.8. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3. Fondun funksiyaları
3.1. Fond bu Nizamnamə ilə müəyyən olunmuş vəzifələrinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
3.1.1. kütləvi informasiya vasitələrinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilmiş, həmçinin Konsepsiyaya uyğun olaraq dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil edir;
3.1.2. ictimai-siyasi hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, kütləvi informasiya vasitələrində peşə (etik) davranışı qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya və telekommunikasiya texnologiyalarının tətbiqinə və vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görür;
3.1.3. dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının informasiya məsələləri üzrə vəzifəli şəxsinin və ya struktur bölməsinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirir;
3.1.4. kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı təhlillər aparır, ictimai rəyin öyrənilməsini təşkil edir;
3.1.5. Konsepsiyaya müvafiq olaraq kütləvi informasiya vasitələrinin inkişafına metodiki, təşkilati-texniki, konsultativ, müsabiqəli və müsabiqəsiz maliyyə və digər formalarda dövlət dəstəyinin göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirir;
3.1.6. kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə müsabiqələrin keçirilməsi qaydalarını müəyyən edir;
3.1.7. maliyyə yardımından istifadə etmək üçün kütləvi informasiya vasitələrinə bərabər şərait və imkanlar yaradılmasını təmin edir;
3.1.8. layihələrin həyata keçirilməsi üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini müəyyən edir, bununla əlaqədar zəruri tədbirləri həyata keçirir;
3.1.9. layihələrin həyata keçirilməsi məqsədi ilə müsabiqələri təşkil edir və bununla bağlı:
3.1.9.1. elanlar verir;
3.1.9.2. layihələr üzrə vəsaitin miqdarını müəyyənləşdirir;
3.1.9.3. layihələrin təqdim olunma formalarını, müddətlərini və zəruri sənədlərin siyahısını müəyyən edir;
3.1.9.4. təqdim olunmuş layihələri qiymətləndirir;
3.1.9.5. layihələri məqbul hesab edilən kütləvi informasiya vasitələrinin nümayəndələri ilə şifahi müsahibə keçirir;
3.1.9.6. müsabiqədə qalib gəlmiş layihələri müəyyənləşdirir və müvafiq qərar qəbul edir;
3.1.9.7. müsabiqənin qalibi ilə vəsaitin istifadəsi şərtləri haqqında müqavilə bağlayır;
3.1.9.8. müsabiqəni baş tutmamış elan edir;
3.1.9.9. müsabiqənin nəticələri barədə məlumatları açıqlayır.
3.1.10. Azərbaycan Respublikasının dövlət büdcəsində kütləvi informasiya vasitələrinin inkişafına maliyyə yardımının göstərilməsi və Fondun saxlanılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünün təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;
3.1.11. layihələrin həyata keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrinin hesabatlarını nəzərdən keçirir və qiymətləndirmə aparır;
3.1.12. layihələrin həyata keçirilməsi sahəsində kütləvi informasiya vasitələrinin fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə təqdim edir;
3.1.13. sosial reklamların kütləvi informasiya vasitələrində yerləşdirilməsi istiqamətində dövlət orqanlarına təkliflər verir;
3.1.14. fikir, söz və məlumat azadlığı sahəsində fəaliyyət göstərən xarici və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlər görür;
3.1.15. qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.
4. Fondun hüquqlar
4.1. Fondun öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
4.1.1. fikir, söz və məlumat azadlığı, plüralizmin təmin edilməsi, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı təkliflər hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
4.1.2. öz vəzifə və funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatları və sənədləri dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən müvafiq qaydada sorğu vermək yolu ilə əldə etmək;
4.1.3. kütləvi informasiya vasitələrində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq, onların nəticələrini dərc etmək və bu istiqamətdə tövsiyələr hazırlamaq;
4.1.4. kütləvi informasiya vasitələrində peşə (etik) davranış məsələləri ilə bağlı kütləvi informasiya vasitələri, jurnalist təşkilatları və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;
4.1.5. fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsi, kütləvi informasiya vasitələrinin müstəqilliyinin inkişaf etdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərinin ictimai müzakirəsini təşkil etmək, konfranslar, simpoziumlar, forumlar və digər tədbirlər keçirmək;
4.1.6. xarici ölkələrdə müvafiq funksiyaları yerinə yetirən dövlət qurumları, qeyri-hökumət və digər təşkilatlarla əməkdaşlıq əlaqələri qurmaq, informasiya mübadiləsi aparmaq;
4.1.7. Azərbaycan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri haqqında informasiya bankını formalaşdırmaq;
4.1.8. qanunvericilikdə müəyyən olunmuş qaydada mətbu nəşrlər təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
4.1.9. layihələr üzrə kütləvi informasiya vasitələri tərəfindən müqavilə şərtlərinin pozulması və sui-istifadə halları aşkar edildikdə, bu halların aradan qaldırılması ilə bağlı müqavilə tərəfinə və zəruri hallarda müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət etmək;
4.1.10. layihələr üzrə müqavilə şərtlərini pozan kütləvi informasiya vasitələrini 2 ilədək müddətə belə layihələrdə iştirakdan məhrum etmək;
4.1.11. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Fondun vəsaitinin formalaşdırılması və istifadəsi
5.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırıla bilər:
5.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar;
5.1.2. hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr;
5.1.3. müxtəlif tədbirlərin təşkilindən əldə edilən gəlirlər;
5.1.4. xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən qrantlar və digər ayırmalar;
5.1.5. qanunvericilikdə qadağan olunmayan digər mənbələr.
5.2. Fondun vəsaiti və sərəncamında olan əmlak onun idarəetmə orqanları üzvlərinin və əməkdaşlarının şəxsi maraqlarına uyğun istifadə edilə bilməz.
5.3. Fond sərəncamında olan vəsaitdən Konsepsiyada əks olunmuş məqsədlərə və bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun istifadə edir.
6. Fondun idarə edilməsi və fəaliyyətinin təşkili
6.1. Fondun fəaliyyətinə ümumi nəzarət Fondun Müşahidə Şurası (bundan sonra – Şura) tərəfindən həyata keçirilir.
6.2. Şura, üç üzvü kütləvi informasiya vasitələrini, üç üzvü jurnalist təşkilatlarını, üç üzvü müvafiq dövlət orqanlarını təmsil edən, doqquz üzvdən ibarət tərkibdə formalaşdırılır.
6.3. Şura üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilirlər.
6.4. Ali təhsilli, kütləvi informasiya vasitələri ilə iş sahəsində təcrübəsi olan şəxslər Şuraya üzv təyin edilə bilərlər.
6.5. İkili vətəndaşlığı olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan, başqa dövlətlər qarşısında öhdəliyi olan, ağır cinayətlərə görə məhkum edilmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər Şuranın üzvü ola bilməzlər.
6.6. Şura üzvlərinin səlahiyyət müddəti dörd ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.
6.7. Azərbaycan Mətbuat Şurası doqquz nəfəri kütləvi informasiya vasitələrindən, doqquz nəfəri jurnalist təşkilatlarından olmaqla, Şuranın üzvlüyünə on səkkiz namizəd irəli sürür. Həmin şəxslərdən altı nəfəri bu Nizamnamənin 6.3-cü bəndinə uyğun olaraq Şuraya üzv təyin edilir.
6.8. Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər.
6.9. Şuranın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
6.10. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Fondun İcraçı direktorunun təşəbbüsü ilə keçirilə bilər. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə yolu ilə iclasda iştirak edən Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
6.11. Şuranın sədri və sədr müavini Şuranın iclasında Şuranın üzvləri tərəfindən Şuranın üzvləri sırasından seçilir.
6.12. Şura:
6.12.1. Fondun cari fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir, onun fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilmiş təkliflər hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
6.12.2. Fondun fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;
6.12.3. Fonda əlavə vəsait cəlb edilməsinin strategiyasını hazırlayır və həyata keçirilməsinə nəzarət edir;
6.12.4. Konsepsiyaya uyğun layihələrin həyata keçirilməsi məqsədi ilə dövlət dəstəyinin yönəldilməsi daha məqsədəuyğun hesab edilən sahələr barədə təkliflərini Fondun İcraçı direktoruna təqdim edir;
6.12.5. kütləvi informasiya vasitələrinin layihələrinin qiymətləndirilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrindən və digər mütəxəssislərdən ibarət ekspert komissiyası yaradır;
6.12.6. Fondun İcraçı direktorunun təqdimatına əsasən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə, onun illik xərclər smetasının layihəsinə və balansına baxır;
6.12.7. Fondun vəsaitindən istifadə edilməsi ilə bağlı Fondun İcraçı direktorunun illik hesabatlarına baxır və rəy verir;
6.12.8. səlahiyyətləri çərçivəsində digər vəzifələri həyata keçirir.
6.13. Şura üzvləri aşağıdakı hüquqlara malikdirlər:
6.13.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
6.13.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;
6.13.3. Şurada qəbul ediləcək qərarlara dair fikir söyləmək;
6.13.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;
6.13.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.
6.14. Şura üzvləri:
6.14.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;
6.14.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalı;
6.14.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;
6.14.4. Şurada baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləməməlidirlər.
6.15. Şuranın sədri:
6.15.1. Şuranın işini təşkil edir;
6.15.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslarını çağırır və iclaslarında sədrlik edir;
6.15.3. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri həyata keçirir.
6.16. Şura sədrinin müavini Şura sədri tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir, Şura sədri vəzifələrini icra edə bilmədikdə onun səlahiyyətlərini həyata keçirir.
6.17. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.
Belə əsaslar olduqda, Şuranın üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz edilə bilər.
6.18. Şura üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda Şuranın qərarı ilə vaxtından əvvəl xitam verilə bilər:
6.18.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
6.18.2. Şura üzvünün bu Nizamnamədə nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
6.18.3. səhhətinə görə vəzifələrini altı aydan artıq yerinə yetirə bilmədikdə;
6.18.4. ardıcıl olaraq 4 dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;
6.18.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
6.18.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;
6.18.7. Şura üzvünün adına ləkə gətirən hərəkətlərə yol verdikdə.
6.19. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Şura üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Nizamnamədə nəzərdə tutulmuş qaydada təyin edilir.
6.20. Fondun fəaliyyətinə rəhbərlik Fondun İcraçı direktoru (bundan sonra – İcraçı direktor) tərəfindən həyata keçirilir.
6.21. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən dörd il müddətinə vəzifəyə təyin edilir.
6.22. İcraçı direktorun aylıq vəzifə maaşı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
6.23. İcraçı direktor:
6.23.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və Fondu təmsil edir;
6.23.2. Fondun strukturunu təsdiq edir;
6.23.3. Fondun illik fəaliyyət planını Şura ilə razılaşdırmaqla təsdiq edir;
6.23.4. Fondun maliyyə vəsaiti də daxil olmaqla əmlakını idarə edir, Fond adından mövcud qanunvericiliyin tələbləri gözlənilməklə müqavilələr bağlayır, səlahiyyətləri çərçivəsində əmrlər, sərəncamlar və göstərişlər verir, onların icrasına nəzarəti həyata keçirir;
6.23.5. işçiləri müqavilə əsasında işə qəbul edir, işdən azad edir, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;
6.23.6. Fondun daxili intizam qaydalarını, əməkdaşların davranış kodeksini təsdiq edir;
6.23.7. Fondun xərclər smetasının layihəsini, vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə dair təklifləri hazırlayır və baxılmaq üçün Şuraya təqdim edir;
6.23.8. kütləvi informasiya vasitələrinin inkişafına maliyyə yardımının ayrılmasını, layihələrin qiymətləndirilməsini, bununla əlaqədar müvafiq müqavilələrin bağlanmasını təşkil edir;
6.23.9. Fond tərəfindən maliyyələşdirilən layihələrin və digər tədbirlərin icra vəziyyətinə nəzarəti həyata keçirir;
6.23.10. Fondun vəsaitinin istifadə olunması vəziyyəti barədə illik hesabat hazırlayır, Şuranın müvafiq rəyi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və rəsmi dövlət nəşrində dərc etdirir;
6.23.11. auditin keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir;
6.23.12. zəruri hallarda aidiyyəti dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının nümayəndələrini Şuranın iclaslarına dəvət edir;
6.23.13. Fondun kargüzarlıq işlərini təşkil edir;
6.23.14. öz səlahiyyətləri daxilində Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
6.23.15. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandırır;
6.23.16. Fondun illik fəaliyyətini əks etdirən materialların mətbuatda dərc edilməsini təmin edir;
6.23.17. mövcud qanunvericiliyə və bu Nizamnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
6.24. Fondun saxlanılması xərcləri dövlət büdcəsindən maliyyələşdirilir.
7. Fondun yenidən təşkili və ləğvi
7.1. Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
7.2. Fond ləğv edildikdə əmlakının bölgüsü ilə bağlı məsələlər qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir.