Azərbaycan Parlamentinin deputatı jurnalistlərin soyadını səhv yazmalarına etiraz edir

Azərbaycan Parlamentinin deputatı jurnalistlərin soyadını səhv yazmalarına etiraz edir.

“Milli Məclisin üzvü Elmira Axundova Parlament Jurnalistlər Birliyinə müraciət edərək ölkənin kütləvi informasiya vasitələrində soyadının səhv səsləndirilməsinə narazılıq edib”, – çərşənbə axşamı Trend News-a Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib.

Eyvazlının sözlərinə görə, deputat müraciətində qeyd edir ki, mətbuat onun ad və soyadını ombudsman Elmira Süleymanova ilə qarışdırır. “Ən tanınmış agentliklər, telekanallar Elmira Süleymanovanı mənimlə səhv salırlar. Bizin nə zahiri, nə də daxili oxşarlığımız var. Tamam başqa insanlarıq. Yaş fərqimiz də böyükdür. Ona görə də bu, mənə çox təəccüblü gəlir”, – məlumatda vurğulanır.

Axundovanın fikrincə, media parlamentdəki 13 qadın deputatın əksəriyyətini bir-biri ilə qarışdırır. “Bizdə qadın deputatlar çox deyil ki, media belə yanlışlığa yol versin. Lalə Abbasova əvəzinə Lalə Əliyeva, Jalə Əliyeva əvəzinə Jalə Abbasova, Elmira Axundova əvəzinə Elmira Süleymanova deyirlər. 2010-cu ilin büdcə müzakirələrində aktiv iştirak etdim. Ancaq bütün telekanallar məni deputat Elmira Süleymanova kimi təqdim etdi. Bu, mənim üçün təhqirdi. Elmira Süleymanova dostumdur, ona böyük hörmətim var. Amma medianın bu şəkildə yanlışlığa yol verməsi yaxşı hal deyil”, – deputat xatırladıb.

Deputat jurnalistlərdən bu məsələyə diqqətlə yanaşmalarını xahiş edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO