Azərbaycan Mətbuat Şurasının sədri “qara piar”a qarşı mübarizə üçün hazırlanan memoranduma KİV-in qoşulacağına inanır.
“Mən inanmıram ki, belə bir memorandum olarsa, hər hansı mətbu orqan buna qoşulmasın”, – MŞ sədri Əflatun Amaşov çərşənbə günü Trend-ə açıqlamasında deyib.
Mətbuat Şurası parlament seçkisi öncəsi mətbuatda “qara piar”ın aparılmasına qarşı mübarizəni gücləndirmək qərarı verib. Bununla bağlı memorandum hazırlanır.
Amaşovun sözlərinə görə, hazırda təkilflər hazırlanır ki, Mətbuat Şurasının reketçiliyə qarşı mübarizə komissiyasının fəaliyyəti genişləndirilsin və “qara piar”la bağlı memorandum imzalansın; siyasi yönümündən asılı olmayaraq, ictimai rəyə təsir göstərə bilən bütün KİV həmin memoranduma qoşulsun.
Mətbuat Şurasının sədri hesab edir ki, Azərbaycan mətbuatında parlament seçkiləri öncəsi “qara piar” aparılmasını real hesab etmir.
“Mən Azərbaycan mətbuatının səviyyəsini 2003-cü illə müqayisədə 2005-ci ildəkindən yüksək sayıram. İnanıram ki, belə hallar təkrar olunmayacaq”, – o bildirib.