Beynəlxalq Avrasiya Mətbuat Fondu 18 KİV orqanı arasında sorğu keçirib. Məqsəd Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətini, beynəlxalq media qurumları ilə əlaqələrinin səviyyəsini öyrənmək olub.
Sorğuya cəlb edilmiş KİV orqanlarının 88,8%-i beynəlxalq əlaqələr qurmağa nail olub. Azərbaycan KİV-lərinin əməkdaşlıq etdiyi beynəlxalq media qurumları arasında Türkiyədə fəaliyyət göstərən mətbuat orqanları çoxluq təşkil edir. Sorğuda iştirak edən jurnalist təşkilatları, mətbuat orqanları və informasiya qurumlarının 66,4%-nin Türkiyənin media qurumları ilə əməkdaşlıq etdiyi aydınlaşıb.
Sorğuya cəlb olunan media qurumlarının xarici tərəfdaşları arasında Avropa Şurası, ATƏT, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası, Avropa Mətbuat Şuraları Alyansı, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistika Mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Dünya Qəzetlər Assosiasiyası, IFEX və digər beynəlxalq qurumlar var.
Sorğuda iştirak edən KİV orqanlarının 44,4%-nin beynəlxalq qurumlarda təmsil olunduğu aydınlaşıb.
Araşdırmalar zamanı o da məlum olub ki, sorğuda iştirak edən bütün təşkilatlarda müxtəlif xarici dilləri bilən əməkdaşlar çalışır. Əməkdaşların ümumi say nisbətində isə bu göstərici 52,7% təşkil edir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu sorğuda iştirak edən media qurumlarının dünya informasiya məkanına çıxışının yaxşılaşdırılması ilə bağlı təkliflərini də öyrənib. Sorğuda iştirak edən KİV rəhbərlərinin 50%-i bu problemin dövlət dəstəyi ilə həll ediləcəyinə inandığını söyləyib.
Sorğu Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” layihəsi çərçivəsində reallaşıb. Layihəni Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyələşdirir.
«Media forum»