Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) bu il Tayvanda keçiriləcək 60-cı Ümumdünya Konrqesinə və Baş Məclisinə Azərbaycan media mənsubları da qatılacaq. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Sentyabrın 24-27-də Tayvanın paytaxtı Taypeydə keçiriləcək tədbirdə ölkəmizdən BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri kimi o, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azər-Press İnformasiya Agentliyinin (APA) rəhbəri Vüsalə Mahirqızı və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri Nik Nvolisa iştirak edəcək. Onun sözlərinə görə, BMİ-nin builki dünya qurultayını Tayvanın prezidenti Yunq-ceou Manın açacaq: “Beynəlxalq Mətbuat İnstitutunun Ümumdünya Konqresi və Baş Məclisi, adətən, çox yüksək səviyyədə keçirilir. Bu tədbirlərin açılışını, bağlanışını dünyanın məşhur adamları, prezidentlər, baş nazirlər həyata keçirir. Bu dəfə tədbiri Tayvanın prezidenti Yinq-ceou Ma açacağı razılaşdırılıb. Tayvan baş naziri Den-yih Vu isə tədbirin bağlanış mərasimində yekun nitqi ilə çıxış edəcək. Hər il olduğu kimi bu il də BMİ-nin “Azad Media Öncülü” ali mükafatı 2011-ci ilin qalibinə – Tunisin tanınmış “Kalima” radiosuna təqdim olunacaq. Yeri gəlmişkən qeyd edim ki, BMİ rəhbərliyi hələ ilin əvvəlindən “Azad Media Öncülü” seçiminin bu dəfə qurumun Azərbaycan Milli Komitəsi tərəfindən koordinə edilməsi barədə qərar qəbul etmişdi. Milli Komitə tərəfindən isə bu iş komitənin üzvü Azər Həsrətə həvalə olunmuşdu”.
U.Rəhimoğlu bildirib ki, konqresin proqramı “Asiyada media əsridirmi? XXI əsrin inkişaf prosesinin sayəsində yeni texnologiyalardan azad mediaya doğru” mövzusunda tərtib olunub. Proqram medianın Asiyada inkişaf prosesi, o cümlədən, Şimali Kareyanın nüvə texnologiyası, söz azadlığı və digər məsələlər istiqamətində fəaliyyətini, həmçinin media sənayesinə dair məsələləri əhatə edir. Asiyada media təbliği ilə bağlı məsələlərin arasında Çinin qüdrətinin artması və ABŞ-la rəqabət aparması, “Facebook” sosial şəbəkəsində üsyana çağırışlar və s. məsələlər də var.
U.Rəhimoğlu bu mötəbər media tədbirində dünyanın əksər dövlətlərinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Rumuniya, Çin, Hindistan, Pakistan, Yaponiya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika və sairə ölkələrindən nümayəndələr qatılacağını da bildirib. Dünyanın ən nəhəng televiziya, jurnal, qəzet və agentliklətin rəhbərləri, xüsusi müxbirləri, nümayəndələri, diplomatları iştirak edəcək. “BBC„nin baş direktoru Mark Tompson, “Vaşinqton Post” qəzetinin şərhçi-redaktoru Con Pomfret, “CNN„in müxbiri Cim Klansi, Çinin “Tomson Ruters” Agentliyinin sədri Devid Şlezinger, “Associated Press” Agentliyinin vitse-prezidenti Con Deniszevski, “Gardian” qəzetinin xüsusi araşdırmalar üzrə müxbir Amelia Hilli və digərləri çıxış edəcəklər.
Modern.az