Azərbaycan jurnalistikasının peşəkarlıq problemi

Milli Məclisin deputatı

Azərbaycan mətbuatının 136 yaşı tamam oldu. Həsən bəy Zərdabinin vətəndaş qeyrəti və insan kimi fədakarlığı sayəsində mətbuatımızın tarixi XIX əsrdə başladı. Tarix özünə gərək olanda müxtəlif sahələrin dahilərini və qəhrəmanlarını yetişdirə bilir. Həsən bəy isə mətbuat dahisi, qəzet fədaisi idi! Görün hansı dövrdə, necə şəraitdə qəzet yaratmaq niyyətinə düşmüşdü. Bu barədə “Rusiyada əvvəlinci türk qəzetəsi” adlı məqaləsində yazırdı: “Bəs qəzetləri necə çıxarım? Pul yox, yazıçı yoldaşı yox, çapxana yox, əmələ yox. 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır”.

Sualı başqa şəkildə də qoymaq olar: qəzet nəşrinə başlamaq istəyən bu fədakar insanın nəyi var idi? Əslində, xalqına xidmət etmək eşqiylə döyünən ürəyi, əql və zəkasından başqa heç nəyi! Amma Həsən bəy heç nədən “Əkinçi” yaratdı, mətbuat tariximizin 1875-ci ilin 22 iyulundan başlamasının səbəbkarı oldu. Əqidədaşlarından birinin söylədiyi kimi, “dünyaya ac gəlib, ac getsə” də adı tarixə düşdü və dünya durduqca da yaşayacaqdır.

Heç zaman köhnəlməyən problemlər

Hər gün oxucularının görüşünə təzə söz və təzə nömrəsi ilə gələn qəzetin daim köhnəlməyən problemləri olur. Bunların içində maliyyə, senzura, oxucu, yazar problemini xüsusi vurğulamaq olar (Hərçənd ki, Həsən bəy Zərdabi qəzet nəşrinə icazə məsələsini başlıca problem kimi göstərmişdi). Dəyişən dünya qəzetçilərin problemlərinin bir qismini aradan qaldırıb. Azərbaycanın timsalında bu, daha aydın görünür. Ulu öndər Heydər Əliyevin cəsarət və qətiyyəti sayəsində düz 123 ildən sonra 6 avqust 1998-ci ildə Azərbaycanda mətbuata senzura nəzarəti ləğv edildi. Bu gün dünyada qəzet açmağın ən asan proseduru məhz Azərbaycandadır! Ədliyyə Nazirliyinə bir ərizə yazıb 7 gün gözləmək, sonra işə başlamaq olar! Azərbaycan vətəndaşına bu imkanı ulu öndər Heydər Əliyevin imzaladığı “KİV haqqında” qanun vermişdir. Artıq ölkəmizdə senzura və qəzet təsisi məsələsi birdəfəlik həll olunub. Digər problemlər isə…

Maliyyə, reklam, oxucu problemi daimidir. Bunlara müxtəlif amillər təsir göstərir və həm də bir-birilə üzvi şəkildə bağlıdır. Qəzetin maliyyə durumunun yaxşılaşması üçün çoxsaylı oxucusu olmalıdır. Yəni hər nömrəsindən külli miqdarda satılmalıdır ki, gəliri artsın. Adətən tirajı yüksək qəzetlərə daha çox reklam verilir. Əslində, hər qəzet gəlirini əsasən reklamdan götürməlidir. Reklamla satış arasındakı mənfəət nisbətinin 70-in 30 faizə nisbətində olması yaxşı (yəni gəlirin 70 faizinin reklamdan, 30 faizinin isə satışdan götürülməsi) hal sayılır. Bu gün Azərbaycanda qəzetin 10 min tirajla çıxması uğurlu hesab olunur (Xatırladırıq: “Kommunist” qəzetinin 1990-cı ildəki tirajı 620 min nüsxə olmuşdur). Dünyanın bir sıra dövlətlərində isə gündəlik tirajı 1 milyonu adlayan qəzetlər çoxdur. Onlar faktiki olaraq maliyyə, reklam və oxucu problemlərini həll etmişlər.

Peşəkarlıq nədir?

Qəzetdə əsas sima, təbii ki, redaktordur. Redaktor hər şeyə cavabdehdir. Qəzetin ümumi istiqamətindən tutmuş mövzuların müəyyənləşdirilməsinə, tapşırıqların icra edilməsinə, materialların redaktəsinə, nömrənin planlaşdırılmasına və s. İndiki vəziyyətdə baş redaktorlar yaradıcılıq məsələlərindən daha çox maliyyə-təsərrüfat problemlərinə vaxt ayırmalı olurlar. Amma bunun oxuculara qətiyyən dəxli yoxdur! Onlar ödədikləri 40 qəpiyin əvəzində informasiyaya və özlərinə gərək olan digər mövzulara maraqlarını təmin edəcək qəzet almaq istəyirlər. Yoxsa sabah həmin 40 qəpiyi başqa nəşrə yönəldəcəklər. Bu isə qəzet üçün itki deməkdir.

Baş redaktorlar arasında daimi, ara-sıra yazanları və heç yazmayanları da var. Redaktor nə qədər istedadlı, məhsuldar, hətta təsadüfən dahi olsa belə, təkbaşına qəzet buraxa bilməz! Çünki qəzet kollektiv əməyin məhsuludur. Redaktor özünü öldürsə, gündə bir səhifə yazı yazar. Qəzet isə bir səhifədən ibarət deyil! Odur ki, güman qalır yaradıcı heyətə və onun tərkibində nə qədər peşəkar jurnalistin olmasına.

Bəs peşəkarlıq nədir? Hələ Xll əsrdə Nizami Gəncəvi dolayısı ilə bu suala cavab verib:

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan!

Peşəkarlıq öz peşəsinin kamil bilicisi olmaq, hamının xoşuna gələn və zövqünü oxşayan, başqa sözlə desək, mövcud standartlara cavab verən keyfiyyətli məhsul hazırlamaq qabiliyyətidir. Jurnalistikada peşəkarlıq daha böyük rol oynayır. Çünki ictimai əhəmiyyət daşıyan sözün məsuliyyət yükü və əhatə dairəsi xeyli genişdir! Üstəlik, qəzetlərin səviyyəsi və deməli, bazarda tutduğu yer redaksiyada çalışan peşəkar əməkdaşların sayından da asılıdır. Azərbaycan iqtidarı jurnalistlərin peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirir. Dövlət başçısı cənab İlham Əliyevin mətbuatla bağlı 10 iyun 2010-cu ildə imzaladığı sonuncu sərəncamda – “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” sənəddə jurnalistikada peşəkarlıq ilk yerdə göstərilmişdir: “Azərbaycan jurnalistikası peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”. Diqqətlə nəzər saldıqda görərik ki, peşəkarlıq hətta obyektivlik və qərəzsizlik prinsipindən də önə keçirilib. Məlumdur ki, peşəkar jurnalist heç zaman qeyri-obyektiv və qərəzli olmur, çünki peşəyə sədaqəti buna yol vermir!

Jurnalist peşəkarlığı daha geniş anlayışdır və özündə bir sıra məqamları əhatə edir. Adətən hamı hər şey haqqında bir qədər, bir şey haqqında (söhbət onun ixtisasından və çalışdığı sahədən gedir) hər şeyi bilməlidir. Məsələn, teatr aktyoru öz sənətini dərindən bilsə (bu sənətin də müxtəlif komponentləri vardır), kifayətdir. Jurnalist isə həm teatrdan və kinodan, həm siyasətdən və iqtisadiyyatdan, həm də tikintidən, səhiyyədən, İKT-dən belə yazmalıdır. Üstəlik, unutmamalıdır ki, onun yazdıqlarını hər sahənin biliciləri də oxuyaraq qiymətləndirir.

Tarixi təcrübə və “nümunələr” göstərir ki, hər bir istedadlı və bilikli jurnalistin peşəkarlıq səviyyəsinə çatmasından ötrü azı 15 il vaxt lazımdır. Bu halda onun zəhmətsevərliyi və düşdüyü mühit də böyük rol oynayır. Həm də jurnalist müxtəlif inkişaf mərhələlərini keçir. Bütünlükdə 3 inkişaf mərhələsi qəbul edilib. Bunlardan birincisi savadlı yazmaqdır. Yəni jurnalist gördüyünü qələmə alır. Burada əsas məharət başqalarının görə bilmədiklərini, yaxud başqasından daha çox görməkdir. İkinci mərhələ obrazlı düşünməkdir. Artıq söhbət təkcə “görmək”dən getmir. Gördüklərini beyninin süzgəcindən keçirərək daha yaxşı formada ifadə etməyi də bacarmalısan! Məsələn, “çatma qaşlı, qara gözlü” əvəzinə “qaranquş qaşlı, qartal baxışlı”, yaxud “alma yanaq, büllur buxaq” (Aşıq Ələsgərin təbirincə) formalı bənzətmələr. Özü də obrazlı düşüncə təkcə insanların zahiri görkəminə yox, hadisələrin mahiyyətinin də müqayisəli şəkildə açılmasına xidmət edir. Sonuncu etap isə “öz üslubu olmaq” adlanır. Jurnalistlərin böyük əksəriyyəti fərdi üsluba yiyələnmək mərhələsinə yüksələ bilmir. Bu mərhələyə çatmaq üçün qələm sahibi jurnalistikadan adlayaraq publisistikaya çatmalıdır. Publisistikada isə fərdi üslubda, hadisəyə yanaşmada, deyim tərzində öz yolunu tapmalıdır. Qeyd edək ki, öz üslubu olan jurnalist başqalarından elə bir səviyyədə seçilir ki, hətta oxucusu onun imzasını görmədikdə belə yazıya baxan kimi müəllifini səhvsiz müəyyənləşdirə bilir.

Qeyri-adi əmək

Jurnalist peşəsinin incəliyini və çətinliyini ulu öndər Heydər Əliyev daha yaxından və dərindən bilirdi. Hazırda “Azərbaycan” qəzetinin fəaliyyətinin əsasını təşkil edən prinsiplərin böyük əksəriyyəti vaxtilə ümummilli lider tərəfindən müəyyənləşdirilmiş pozulmaz qaydalardan ibarətdir. Jurnalist əməyinə də ən yüksək qiyməti məhz Heydər Əliyev verib: “Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurgunluq tələb edən əməkdir”.

Ulu öndər Heydər Əliyev jurnalistlərlə ən çox təmasa girən dövlət başçısı olmaqla, eyni zamanda onları öyrədirdi, yetişdirirdi. Müstəqilliyin ilk illərində – Azərbaycanın dünyaya yenicə inteqrasiya etdiyi vaxtlarda ölkəmizə gəlib-gedənlər çox idi. Xarici siyasət məsələləri təzə olduğundan ondan yazmaqda böyük çətinliklər çəkirdik. Haradan başlamaq, nələri qabartmaq, hansı ifadələri işlətmək və s. Bizim üçün yeni idi. Ulu öndər böyük fəhmlə bunları duyurdu. Görüş başlayanda ölkələrin əlaqələri tarixi, məsələnin mahiyyəti, vurğunu haraya salmaq barədə yığcam, eyni zamanda zəngin informasiya yüklü giriş verirdi. Bloknotumuzda lazımi informasiyalar yer alanda bizi hörmətlə yola salar, görüşün qalan hissəsi jurnalistlərsiz davam edərdi. Ulu öndər Heydər Əliyev jurnalistlərə ən çox “sual verməyi öyrənməyi” tövsiyə edərdi. Ağıllı sual verməkdən ötrü isə məsələnin mahiyyətini, incəliklərini bilmək tələb olunur. Beləliklə, bizi daim oxumağa, öyrənməyə, çalışmağa yönləndirərdi. Təbii ki, özü daim öyrənməyənin öyrətməyə də mənəvi haqqı çatmaz!

Qələm də kotan kimidir

Adətən jurnalist qələmini kotana bənzədirlər. “Kotan işlədikcə parıldadığı kimi, qələm də yazdıqca cilalanır” – deyirlər. Mərhum müəllimimiz Nəriman Zeynalovun (o, həm də “Sovet kəndi” qəzetinin redaktoru idi) mühazirələrindən birində apardığı müqayisə hələ də yadımdan çıxmayıb. O deyirdi: “İdmançılar müxtəlif təmrinlər vasitəsilə uzun müddət məşq etməklə bədənlərinin ayrı-ayrı hissəsində əzələlərini inkişaf etdirməklə istədikləri formaya salırlar. İnsan beyni də belədir. Elm və zəhmət sayəsində onu “istədiyiniz formaya” sala bilərsiniz”. Doğrudan da peşəkarlığın yeganə yolu zəhmət və öyrənmək, yorulmadan qələm çalmaqdır.

Jurnalist peşəkarlığına aparan yol isə püxtələşmək adlanır. Qələm əhli hər gün eyni obyektdən, eyni mövzuda yazı yazmır. Hətta elə mövzular var ki, illərlə ona müraciət etmirlər. Amma bu o demək deyil ki, həmin mövzuda zəif yazmalıdırlar! Xeyr! Jurnalist ən əvvəl yazdığı mövzunu öyrənməli, yazacağı sahənin problemlərindən, incə məqamlardan məlumatlı olmalıdır. Yoxsa müsahibinə verdiyi sualı ilə özünü gülünc vəziyyətə salar. Sual verməyi öyrənmək həm də oxucunu nə maraqlandırdığını bilməklə yazıda ona aydınlıq gətirməkdir.

Jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçəkliyidir. İnsanlar bildiklərini bir-birlərinə söz vasitəsilə çatdırırlar. Jurnalist peşəkarlığının (gəlin bu yerdə ona məharət deyək) əsas elementlərindən biri dildən istifadə ilə bağlıdır. Fikrin aydın və lakonik şəkildə çatdırılması, yeri gələndə yazıda hiss-həyəcan və emosiyanın duyulması, bəzən kəskinliyin, sərtliyin görünməsi – bütün bunlar jurnalistin dilimizin incəliklərinə hansı səviyyədə yiyələnməsindən asılıdır. Azərbaycan dilində ən dərin mənaları, ən səmimi duyğuları, habelə mürəkkəb fəlsəfi, elmi fikirləri ifadə etmək mümkündür. Lakin bunu öyrənmək, qrammatik qaydaları mənimsəmək, daim fərdi söz lüğətini zənginləşdirmək vacibdir.

Azərbaycan dilində “təmiz danışmaq” hələ onu mükəmməl bilmək sayılmır! Fikrini səlis və aydın, həm də mümkün qədər sadə cümlələrlə ifadə etməyi öyrənmək bambaşqadır. Bir sıra müstəqil qəzetlərdə bəzən nə yazıldığını anlamaq üçün hətta cümləni bir neçə dəfə oxumalı olursan. Yenə də müəllifin nə demək istədiyini tam aydınlığı ilə başa düşmürsən. Uzun və dolaşıq cümlələrdəki fikir çaşqınlığı, cümlə üzvlərinin yerli-yerində işlədilməməsi adi hala çevrilib. Bəzən yazının girişi bir mövzudan, özü isə başqa məsələdən bəhs edir. Sərlövhənin mətnlə uyuşmaması isə az qala adi hala çevrilib. Oxucunu cəlb etmək üçün yazısına “dəxli olmayan”, “sensasiyalı” sərlövhə qoyanlar bunun jurnalistika baxımından “naşılıq” sayıldığından, yəqin ki, xəbərsizdilər. Belə yazılara bir neçə dəfə aldanmaq mümkündür. Sonradan oxucular bu halın bəsit üsul olduğunu anlayaraq həmin müəlliflərdən də, qəzetlərdən də imtina edirlər. Oxucunun etibarını itirən qəzet isə bazarda duruş gətirə bilməz!

Əslində, jurnalistin püxtələşməsi mövzuya daha dərindən və genişliyi ilə müdaxiləsi, fikrini daha dolğun və mənalı ifadə etməsidir. Bunu öyrənməyin isə bircə yolu var: daim yazmaq, yorulmadan çalışmaq, dayanmadan öyrənmək! Məsələləri və hadisələri öyrənmək, daha təcrübəli jurnalist həmkarlarından öyrənmək, üstəlik öz səhvlərindən də öyrənmək!

Jurnalistin püxtələşməsi və peşəkarlıq səviyyəsinə yüksəlməsi qəzetə necə adamın rəhbərlik etməsindən də çox asılıdır. Əgər redaktor özü lazımi biliyə və qələm təcrübəsinə malik deyilsə, yaradıcılıqdan uzaqdırsa, o, müxbirinə nə öyrədəcək, müxbir ondan nə öyrənəcək?! “Reket” redaktor ancaq “reket” müxbir yetişdirər! “Reket” müxbirlərin püxtələşməsi isə təhqir və şantaj elementlərinə yiyələnməsi, ağlına və ağzına gələni yazmasıdır. Bundan ötrü nə əziyyətə qatlaşmaq, nə də oxumaq vacibdir! Bir qədər diribaş olmaq və utanmamaq kifayətdir!

Əslində, bu gün qəzet redaksiyaları “məktəb” funksiyasını itiriblər. Jurnalistika elm deyil, peşədir! Peşəni isə kitab oxumaqla öyrənmək mümkün deyil! Universitetlərin jurnalistika fakültə və şöbələrində (hələ onlarda kimlərin dərs dediyini bir kənara qoyaq), yığcam desək, jurnalistikanın tarixi, təcrübə və nəzəriyyəsi tədris edilir. Təhsil müddətində qəzet redaksiyalarına göndərilən tələbələr ya öyrənmək istəmir, ya da öyrənə bilmirlər. Əslində, “praktika” (tələbələrin müxtəlif kurslarda təcrübə keçmək üçün redaksiyalara göndərilməsi) formal xarakter daşıyır. Odur ki, hətta jurnalist təhsili ilə redaksiyalara işə gələnlər heç nə bilmirlər. Gör onda qeyri-ixtisas sahibləri nə kökdədirlər! Redaksiyalarda isə daima “təzələnmə” və “cavanlaşma” prosesi getməlidir. Redaktor “öyrətmə” prosesini düzgün qursa, savadlı və istedadlı “həvəskar” tapsa, ondan 4-5 ilə babat müxbir yetişdirə bilər. Bunun üçün redaksiyalarda “usta-şəyird” münasibətləri yaradılmalıdır. Redaktor təkcə qəzetin ümumi istiqamətini, hər sahəni (şöbəni) haraya yönəltməyi, bütövlükdə yaradıcı mühit formalaşdırmağı bacarmalı deyil! Hər bir müxbirin fərdi keyfiyyətlərini bilmək, onlara mövzu tapmaqda yardımçı olmaq, yazılacaq mövzuda hansı məqamlara toxunmağı, hansı məsələni (yaxud məsələləri) qabartmağı izah etmək, xüsusən nədən başlayıb necə qurtaracağını söyləmək vacibdir. Başqa yol yoxdur! Əslində, “yetisdirmə prosesi”nin əsas ağırlığı şöbə müdirinin üzərinə düşməlidir. Hər müdir öz müxbirini planlı qaydada işlətməli, fakt toplamaqdan tutmuş materialın redaktəsinədək bütün prosesin peşə vərdişinə çevrilməsinə nail olmalıdır. Hətta müxbiri nə vaxt danlamağı və tərifləməyi də düzgün müəyyənləşdirməlidir. Jurnalistika yaradıcılıq prosesidir. Burada insanın psixi durumundan, əhval-ruhiyyəsindən də çox şey asılıdır. Jurnalisti çox sıxıb ruhdan salmaq, bədbinləşməyə qoymaq olmaz! Amma səhvlərini vaxtında göstərib düzgün yola yönəltməmək də sonradan müəyyən fəsadlar törədər.

Redaktorun əsas funksiyasından biri də əməkdaşların fərdi üslubunu qəzetin ümumi üslubuna uyğunlaşdırmaqdır. Bu isə vahid komanda formalaşdırmaq bacarığıdır. Təkcə məqalələr toplusu yox, hər bir qəzet nömrəsi nədənsə başlayıb nədəsə qurtaran süjetli tam olmalıdır (Belə olmasa, qarşıya qoyulan hədəfi dəqiq vurmaq çətindir). Qəzetin bir ildəki bütün nömrələri isə bir kitab təsiri bağışlamalıdır. Mövzular, rubrikalar, daimi guşələr, müştərək səhifələr, hətta tənqidi yazılar belə eyni məqsədə xidmət etməlidir.

Kəsəsi, redaktoru peşəkar olmayan qəzetdə peşəkar müxbirlər yetişə bilməz! Ya “reketlər”, ya da “qaragüruhçular” bir yerə toplaşar, müvəqqəti olaraq qəzet adlı nəsə buraxarlar.

Bir neçə ziyanlı məqam

Kasıb itinin adını qızıl qoyar, – demişlər. Bu, əvvəla, kasıbın evini və mal-qarasını qoruyan itini çox istəməsindən irəli gəlir. Digər tərəfdən isə, görünür, gündə bir neçə dəfə “qızıl” çağırmaqla bu qiymətli metala olan həsrətinin təşnəsini söndürür. Həmişə “Azərbaycanda çoxlu peşəkar jurnalist var” – söyləməyə adət etmişik. Bir dəfə maraqlı eksperiment keçirdik. 5-6 nəfər tanınmış və təcrübəli qəzetçi ilə 50 peşəkar jurnalistin adını siyahı şəklində yazmağı qərarlaşdırdıq. Əsas şərt bu oldu ki, heç kəs özünün işlədiyi qəzetdən kimsəni siyahıya salmasın. Təxminimiz belə idi ki, yəqin respublika üzrə 80-100 nəfərin adı düşən siyahı olacaq. Amma heç birimiz hazırda fəaliyyətdə olan 20 nəfər belə peşəkar jurnalist müəyyənləşdirə bilmədik (Onu da qeyd edim ki, siyahıya sonda baxıb birlikdə “təmizləmə” əməliyyatı aparıldıqdan sonra belə vəziyyət yarandı).

Bəzi müstəqil qəzetlərin redaktorları onlarda çoxlu “köşə yazarı”nın olması ilə qürrələnirlər (kasıbın qızıl həsrəti yada düşür). Hətta bir nömrədə bir neçə “köşə yazısı” verdiklərini söyləyirlər. Hər qəzetin səhifəsinin küncündə gedən yazıya “köşə yazısı” deməzlər. O, olsa-olsa “künc yazısı”dir. Müəllifin şəklinin dərci, onun internet saytının göstərilməsi, hətta hər gün eyni səhifənin eyni küncündə çıxış etməsi belə onu “köşə yazarı” səviyyəsinə qaldırmır. Öz redaktorlarından başqa heç kəs onları nəinki “köşə”, heç peşəkar da hesab etmir (Adətən insan kiməsə qiymət verəndə həmin şəxsin özü haqda hansı fikirdə olmasına heç bir əhəmiyyət vermir). Onların bir çoxu hələ püxtələşmə (yaşından asılı olmayaraq) mərhələsindədir və bu pilləni nə vaxt adlayacaqları bilinmir (Bu cür davam etsə, heç peşəkarlıq mərhələsinə çatmayacaqlar da!). Bir neçə qəzet nömrəsində getmiş “künc yazıları”nı ötəri nəzərdən keçirmək kifayət edər ki, onların bir-birinin eyni olduğunu görəsən. Hamısı müəllifinin kimliyindən asılı olmayaraq bir qəlibdən çıxmış kimidir. Eyni mövzu, eyni hədəf, eyni üslub, eyni yanaşma, eyni ifadələr, eyni məqsəd, eyni… Beyinlərinə yerləşib ki, köşə yazısı ancaq tənqidi olmalıdır. Bunu kim deyir?! Məgər cəmiyyətdəki qeyri-adi, maraqlı hadisə köşə yazısında təqdir oluna bilməzmi? Doğrudanmı bütün köşə yazılarında hədəf mövcud iqtidar seçilməlidir və haqq-nahaq tənqid olunmalıdır? Niyə özlərini “köşə yazarı” hesab edənlərin yazıları cəmi 2 rəngdən – ağ və qaradan ibarət olur (Ağ rənglə müxalifət, qara rənglə iqtidar təsvir olunur). Axı spektrdə, deməli, real həyatda 7 rəng var! (Hələ onun çalarlarını demirik). Yalnız 2 rəng tanıyan jurnalistə peşəkar demək olarmı? (Onun “köşə yazıları” iddiasını qoyaq bir kənara). Qətiyyən yox! Adətən köşə yazarları peşəkarlığın yüksək səviyyəsinə çatmış, cəmiyyət tərəfindən tanınan və birmənalı şəkildə qəbul olunan qələm sahibi olurlar. İnsanlar onların özlərinə də, yazdıqlarına da inanırlar. Bizim “künc yazarları”nın qələmlərindən çıxanların hansının doğru, hansının yalan oldugunu müəyyənləşdirmək mümkün deyil! Tanınmış ziyalıları, dövlət məmurlarını daim hədəf seçən bu “köşəçiləri” heç kəs obyektiv və qərəzsiz saymır! Obyektiv və qərəzsiz olmayan jurnalist isə heç peşəkar adına da layiq deyil! Bu gün bizdə özlərini “köşə yazarı” adlandıranlara (əslində “künc yazarı” olanlara) nə hörmət var, nə də yazdıqlarına inanan! Nə redaktorları, nə də özləri özlərini aldatsınlar. Əvvəlcə qoy bütün mövzularda, həm də kobud söz və ifadə işlətmədən, hər dəfə özünü çeynəyib təkrarlamadan, yalana və böhtana əl atmadan yazmağı öyrənsinlər! Ən əsası, oxucu etibarını qazansınlar! İkinci məqam redaktorlarla bağlıdır. Hazırda 40-dək gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet çıxır. Onların böyük əksəriyyəti bir-birinin təkrarıdır, ən azı texniki və məzmun baxımından! Belə ki, gündə bir qəzet oxumaq 20 qəzet oxumağa bərabər olur. Eyni informasiya agentliklərindən, eyni internet saytlarından götürülən yazılarla səhifələr doldurulur. Bütün qəzetlərin mövzular üzrə verdikləri materiallar da eyniyyət təşkil edir: siyasi xəbərlər, kriminal, şou əhlinin əhvalatları, maraqlı xəbərlər və s. Hətta çox zaman mövzuları müşayiət edən şəkillərin də eynisi verilir. Bu cür qəzetlərdə “götürmə” materiallarla redaksiyada hazırlanan yazıların nisbəti 10-un 90-a, 20-nin 80 faizə, ən yaxşı halda isə 30-un 70 faizə nisbətində olur. Hələ bu, dərdin yarısıdır. Bu tip qəzetlər bir yerdə səhifələnir. Eyni şrift və xüsusi hissələrdən istifadə etməklə bir adam tərəfindən həyata keçirilən səhifələnmə qəzetlərin zahiri oxşarlığını da şərtləndirir. Yəqin ki, çox az sayda əməkdaşın çalışdığı redaksiyada başqa çıxış yolu yoxdur. Amma bu da qəzetçilik deyil! Həm də “götür-qoy”, ordan-burdan köçürmə yolu ilə heç vaxt peşəkar jurnalist yetişməz! Peşəkar plagiatın yetişməsi isə daha real görünür.

Ziyanlı məqamın üçüncüsü mükafatlardır. İndi yerindən qalxan mükafat paylayır. Hansısa adla möhür düzəltdirmək problem deyil, kompyuterdə isə istənilən formada və rəngdə kağız çıxarmaq mümkündür. Həvəskarlar da həmişə var! İş o yerə çatıb ki, “peşəkar jurnalist” adı da “təsis” edilib. Təbii ki, bu cür ada – mükafata yalnız qeyri-peşəkarlar susayarlar. Amma çəkdiyiniz xərcə heyfiniz gəlmirsə, heç olmasa bu adı sizə kimlərin verdiyinin fərqində olun!

Həllini gözləyən problemlər

Reallıq belədir ki, bu gün ali təhsil ocaqları redaksiyalara “hazır kadr”lar verə bilmirlər. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı professor Yalçın Əlizadə ilə bu barədəki söhbətimizdə tutarlı arqument gətirdi: “Biz ancaq jurnalist olmaq istəyənlərdən jurnalist hazırlaya bilərik. Hüquqşünas istəyi ilə imtahan verərək balı çatmadığına görə bizim fakültəyə düşənlərlə, qurtardıqdan sonra başqa sahədə çalışmağı planlaşdıranlarla nə edək?!” Mübahisəsiz məsələdir və inanırıq ki, dövlət başçısının müdaxiləsindən sonra jurnalistika ixtisasında da qabiliyyət imtahanı tezliklə yerini tutacaq.

Dünyanın hər yerində müxtəlif formalarda da olsa, jurnalist təhsili verilir. Jurnalistikaya gələn qeyri-ixtisas sahibləri təhsilə əhəmiyyət verməyərək “əsas istedaddır” söyləməklə özlərini aldadırlar. Əgər bu peşəni ömürlük “çörək agacı” seçiblərsə, ixtisasla baglı müəyyən bilgilərə hökmən yiyələnməlidirlər.

Qəzet və reklam bazarının indiki durumunda jurnalistlər artıq heç də yaxşı yaşayan peşə sahibləri hesab olunmurlar (Bəlkə də yumşaq dedik). Bazar iqtisadiyyatı şəraitində isə təkcə “ideya adamı” olmaq kifayət deyil. İnsanlar özlərini və ailələrini daha yaxşı yaşatmaq istəyirlər. Bu gün isə jurnalistikada orta səviyyəli yaşayış belə hamı üçün əlçatan sayılmır. Odur ki, istedad və qabiliyyəti olanlar başqa sahələrə, daha təminatlı yerlərə üz tuturlar. Yaxşı jurnalist ovuna çıxıb özləri üçün işləməyə cəlb edən biznesmen və məmurlar da az deyil. Həm də onların təklifləri daha cəlbedicidir. Son illərdə jurnalist qələmini məmur imtiyazlarına dəyişənlərin sayının artması deyilənlərə sübutdur. Halbuki vaxt vardı ki, hamı redaksiyada işləmək üçün sinov gedirdi. Artıq müstəqil qəzetlər yaxşı jurnalistləri hər ay gizli şəkildə verdikləri “zərflər” hesabına saxlayırlar (Belə “zərflər” isə qocalıqda pensiya təminatı yaratmır). Bu gün xoşagəlməz durum yaranıb! Jurnalistikanı istedadlılardan və qabliyyətlilərdən məhrum etmək olmaz! Ciddi düşünmək vaxtıdır! Doğrudur, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu qrantlı müsabiqələr vastəsilə müstəqil qəzetlərə il ərzində 50-80 min manat həcmində yardım göstərir. Amma bu da kifayət etmir. Çap mediası üçün gecikmədən güclü reklam bazarı formalaşmalıdır.

Peşəkarlıq baxımından aşağı səviyyədə olan xeyli qəzetin sıradan çıxacağı gözlənilir və bu, təbiidir. İctimai fikrə təsir edən, aparıcı qəzetlərin maliyyə durumu isə tezliklə yaxşılaşdırılmalıdır. Jurnalistikamızı tənqid əvəzinə təhqir edənlərin, hər informasiyadan sensasiya yaratmağa çalışanların, düzgün cümlə qura bilməyənlərin, ən nəhayət, “reket müxbir”lərin öhdəsinə qoya bilmərik! Qələm vicdanlı, vətənpərvər, savadlı və istedadlı, dövlətini və xalqını sevən, aydın təfəkkürlü və saf əqidəli insanların əlində olmalıdır!

Jurnalistin öz üzərində daim işləməsi də son dərəcə vacibdir. Daim özü öyrənməyən başqasını necə öyrədər? Bu gün informasiya bolluğu və onun əldə olunması yolları və imkanları o qədər çox və rəngarəngdir ki, artıq oxucu gecikən və bəsit yazılan yazıları qəbul etmir. İnternetin üstünlükləri ilə yanaşı, ondan istifadənin müəyyən qüsurları da görünməkdədir. Klaviaturanın dillərini basıb Google axtarış proqramına girməklə hər hansı mövzu ilə bağlı istənilən qədər fakt, material əldə etmək mümkündür. İndi çoxları belə edir və abzasları ard-arda düzməklə “məqalə” yazır. Bu, yaradıcılıq yox, əslində, plagiatlığın yeni növüdür! Faktları saf-çürük etmək, mütəxəssislərlə görüşmək, öz qənaət və fikirlərini oxucu ilə bölüşmək – yaradıcılıq budur. Oxucu çox ayıqdır. O, orijinal yazı ilə ordan-burdan toplanan materialı dərhal fərqləndirə bilir. Kompyuter jurnalisti tənbəlləşdirməli deyil, onun fikrinin kəsərini artıran faktlarla zənginləşdirməyə xidmət etməlidir!

Azərbaycan mətbuatının Həsən bəy Zərdabidən, “Əkinçi”dən qalan zəngin ənənələri vardır. Bu ənənələr “Əkinçi” ətrafına toplaşanlar, habelə sonrakı nəsil qələm sahibləri tərəfindən daha da zənginləşdirilmişdir. Yetmiş illik sovet dövründə mətbuatımız kommunist ideologiyasına xidmət göstərsə də, yenə inkişafdan qalmamış, əksinə, böyük peşəkar jurnalistlər dəstəsi yetişmişdir. Müstəqillik dövründə, mətbuat və söz azadlığının tam bərqərar olduğu bir zamanda peşəkarlığın itməsinə, qəzetlərimizin səviyyəsinin aşağı düşməsinə yol vermək olmaz! Bunun qarşısını almaqdan ötrü görüləsi işlər çoxdur! Amma jurnalistikanın xatirinə əziyyət çəkməyə, islahatlar aparmaga dəyər. Üstəlik, dövlət tərəfindən müəyyən zəruri addımlar da atılıb. Daha qətiyyətli olmaq, sürəti artırmaq vacibdir! Mövcud ənənəni qoruyub saxlamaq qırılan ənənəni sonradan bərpa etməkdən (hələ o da müyəssər olsa) daha asandır! Sonra gec ola bilər! Ənənəni qorumaq və yeni dövrün reallıqlarına uyğun şəkildə daha da zənginləşdirmək, qəzetlərin səviyyəsini yüksəltmək həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO