“AzPolitika.info” saytını bağlayıblar – Baş redaktor səbəblərdən danışır

Ölkənin tanınmış siyasət saytlarından olan “AzPolitika.info” bir neçə gündür ki, işləmir.
Saytın baş redaktoru Elnur Məhərrəmli Modern.az-a bildirib ki, problemin haradan qaynaqlandığını müəyyənləşdirməkdə çətinlik çəkirlər.

“İyunun 21-dən etibarən “Delta telekom” internet operatoru saytımızın yerləşdiyi serverə girişi bağlayıb. “AzPolitika.info”ya texniki xidmət göstərən “Sahil” İT şirkətinin direktoru Vahid Qasımov bildirir ki, buna səbəb serverdən digər saytlara hücumun əsas gətirilməsidir. Bir həftəyə yaxındır ki, problemi aradan qaldırmaq mümkün olmur və buna görə də, “AzPolitika.info” ilə yanaşı onlarla sayta giriş mümkün deyil”.

E.Məhərrəmli deyir ki, saytı yeni serverə köçürmək cəhdləri də uğursuz olub. “Nə işdirsə ”Azpolitika.info”nun bazasının köçürüldüyü başqa serverlər də dərhal bağlanır. Proqramçılar bunun səbəbini müəyyənləşdirə bilmirlər. İlk günlər adi texniki problem kimi qarşılasaq da, günlər keçdikcə aydın oldu ki, hansısa dairələr “AzPolitika.info”nu məhv etmək üçün böyük əmək sərf etməkdədilər. Admin Vahid Qasımov da bildirir ki, hücum məhz “AzPolitika.info”nun bazasına edilir. Amma biz istənilən halda fəaliyyətimizi bərpa edəcəyik. Buna heç kimin, o cümlədən “AzPolitika.info”nu məhv etmək sifarişini verən və bunun üçün böyük maliyyə sərf edən dairələrin də şübhəsi olmasın! “Azpolitika.info” arxivini itirmək bahasına olsa da, ən qısa zamanda yenidən fəaliyyətdə olacaq və müstəqil kursundan heç bir halda imtina etməyəcək!…”.

E.Məhərrəmli deyir ki, ən geci yaxın iki gündə “AzPolitika.info” “sıfırdan başlamalı” olsa da, fəaliyyətini bərpa edəcək.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO