Hüquq-mühafizə orqanında çalışan A.Məhərrəmov barəsində Rusiya mətbuatı da çox az məlumata malikdir…
Ötən həftənin sonunda Moskvadakı “Prezident” otelində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) V qurultayı keçirildi və qurumun yeni rəhbərliyi müəyyənləşdi.
Modern.az saytı “AzerRos”un qurultayında ciddi qalmaqal yaşandığı barədə xəbər vermişdi.
Belə ki, qurultayın bəzi iştirakçıları yeni rəhbər kimi Asif Məhərrəmovun namizədliyinə qarşı çıxaraq, onun muxtariyyət qurumları tərəfindən tanınmadığını və heç bir nüfuzunun olmadığını əsas gətiriblər. Yalnız “AzerRos”un yeni seçilmiş Ağsaqqalar Şurasının sədri Abbas Abbasov iştirakçılardan Asif Məhərrəmovun namizədliyinin dəstəklənməsini xahiş edib və vurğulayıb ki, “ona etibar etmək olar”. A.Abbasovun çağırışından sonra qurultay Asif Məhərrəmovu dəstəkləyib və o, “AzerRos”un yeni prezidenti seçilib.
Maraqlıdır, nəinki Azərbaycanda, hətta “AzerRos”un fəaliyyət göstərdiyi Rusiyada belə, azərbaycanlılar arasında çox az tanınan Asif Məhərrəmov kimdir?
Modern.az saytının əməkdaşı bununla bağlı “AzerRos”un Rusiyada yaşayan üzvlərinə müraciət edərək, kiçik bir araşdırma aparmağa çalışıb. Əməkdaşımıza bildirilib ki, “AzerRos”un yeni prezidenti Asif Məhərrəmov Rusiya Daxili İşlər Nazirliyinin zabitidir, bu qurumda çalışır. O, əvvəllər polkovnik rütbəsində Moskvaətrafı rayonlardan birində yerləşən 6 saylı Polis İdarəsinin rəisi olub.
Ümumiyyətlə, Asif Məhərrəmovun barəsində Rusiya mətbuatında da hər hansı məlumat verilmir. Bu da yəqin ki, onun hüquq-mühafizə orqanında çalışması ilə əlaqədardır.
Qeyd edək ki, Asif Məhərrəmov həm də ötən ilin sentyabrında azərbaycanlı oliqarxların elan etdiyi və şərti olaraq “Milyarderlər ittifaqı” adlandırılan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) rəhbərliyinə daxildir.