“AzərTAc dünya informasiya siyasətini müəyyənləşdirən bir çox nüfuzlu təşkilatların ən fəal üzvlərindən biridir.”
SalamNews xəbər verir ki, bu sözləri Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası ilə əlaqədar jurnalistlərə AzərTAc-ın baş direktoru Aslan Aslanov deyib.
O bildirib ki, AzərTAc-ın üzv olduğu belə beynəlxalq qurumlardan biri Dünya Xəbər Agentlikləri Konqresidir. Bu təşkilat 100-dən çox agentliyi, nüfuzlu informasiya təşkilatlarını özündə birləşdirir. Konqresin Nizamnaməsinə əsasən, bu təşkilata Dünya Konqresinin sədri rəhbərlik edir və o, hər üç ildən bir səs çoxluğu ilə seçilir. Digər təşkilati məsələlər isə Konqresin Şurası tərəfindən müəyyən olunur. Şuraya bir sıra nüfuzlu agentlik və informasiya təşkilatının rəhbərləri daxildirlər. Nizamnaməyə əsasən, onlar 2016-cı ilədək Bakıda toplaşmalıdırlar. Ötən ilin noyabrında Ər-Riyadda Dünya Xəbər Agentliklərinin IV Konqresində qərar qəbul olunub ki, növbəti Konqres 2016-cı ildə AzərTAc-ın təşkilatçılığı ilə Bakıda keçirilsin. 2016-2019-cu illərdə AzərTAc bu təşkilata rəhbərlik edəcək.
A.Aslanov söyləyib ki, dünyanın nüfuzlu agentlikləri rəhbərlərinin toplaşdığı bugünkü iclasda 2016-cı ildə Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinin mövzuları, keçirilmə vaxtı, iştirakçılarla bağlı məsələlər müzakirə olunacaq, təşkilati işlər ətrafında fikir mübadiləsi aparılacaq.
– See more at: http://salamnews.org/az/news/read/128807#sthash.5qydoVLH.dpuf