Qloballaşan Dünyaya İnteqrasiya İctiai Birliyinin sədri, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun sosiologiya üzrə doktorantı, jurnalist İlkin Ağayev Birləşmiş Ərəb Əmirliklərinin şəhəri olan Dubayda keçirilən, media və kommunikasiya məsələlərinə həsr olunmuş “International Trends and Issues Communication & Media Conference” adlı beynəlxalq konfransda “Dünya kontekstində Azərbaycanda yeni medianın sosioloji problemləri” mövzusunda məruzə və məqalə ilə çıxış edib. Bu barədə İ.Ağayev məlumat verib. İ.Ağayev bildirib ki, dünyanın bütün qitələrini təmsil edən ölkələrdən, o cümlədən inkişaf etmiş Qərb ölkələrindən mütəxəssis və elm adamlarının qatıldığı beynəlxalq konfrans olduqca məhsuldar və maraqlı keçib. Konfransda yeni media, sosial şəbəkələr, kommunikasiya və televiziya məsələləri ilə bağlı baxışlar, problemlər elmi səviyyədə müzakirə edilib. Beynəlxalq konfrans Türkiyənin bir çox məşhur universitetləri – Anadolu, Sakarya, Selcuq, İstanbul və sair universitetləri tərəfindən təşkil olunub.