“Şərq Tərəfdaşlığı” siyasəti Azərbaycan daxil olmaqla 6 tərəfdaş ölkə ilə müzakirə formatı təsis etdi və ümumi məqsəd daha sabit, təhlükəsiz və çiçəklənən qonşuluğun yaradılmasıdır. Bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Onun sözlərinə görə, Azərbaycanla tərəfdaşlıq Aİ üçün xüsusi önəm kəsb edir: “Biz iqtisadiyyat, ticarət, mədəniyyət və humanitar sahələr daxil olmaqla, müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşməsinə və inkişafına maraq göstəririk”.
Fransanın xarici işlər naziri Rober Şumanın əfsanəvi nitqinin 65 illiyinə toxunan M.Mard qeyd edib ki, o, müraciətində Avropa millətlərini qitədə müharibələrin olmaması üçün birləşməyə çağırmışdı: “Onun nitqi hələ də aktualdır. Şumanın müraciəti II Dünya müharibəsinin qurtarmasından beş il sonra oldu və Aİ-nin yaradılmasına zəmin yaratdı”.