Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov: “Ermənistan parlamenti təlaş içindədir…. “

AŞPA-nın Sosial Məsələlər Komitəsinin 23 noyabrda keçiriləcək iclasında məruzəçi Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzəsi müzakirəyə çıxarılacaq.
Diqqətə çatdırmaq istərdim ki, AŞPA Komitəsində bu məruzənin hazırlanması barədə qərarın qəbul edilməsi üçün ciddi mübarizə aparmalı olmuşuq. Mən 2014-cü ildə Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərində yerləşmiş Sərsəng su anbarının ölkəmizin cəbhəyanı digər əraziləri üçün humanitar fəlakət və ekoloji böhran yarada biləcək ciddi təhlükə mənbəyinə çevrilməsini ehtiva edən qətnamə layihəsi təqdim etdim. AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqlərinə baxmayaraq, məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə nail olduq. Bu məruzənin hazırlanması üçün AŞPA üzvü, Bosniyalı xanım deputat Militsa Markoviç məruzəçi təyin edildi.
Xanım deputat Militsa Markoviç məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər etmiş, Azərbaycanda rəsmi dövlət orqanları ilə, “SOS Sərsəng” layihəsi həyata keçirən QHT nümayəndələri ilə görüşlər keçirmiş, Sərsəng su anbarının işğal altında qalması nəticəsində zərər çəkmiş cəbhəyanı rayonlara səfər etmiş, yerli əhali ilə söhbət etmiş, yerlərdə real vəziyyətlə tanış olmuşdur.
Eyni zamanda qeyd etməliyəm ki, AŞPA katibliyi məruzəçinin Sərsəng su anbarının yerləşdiyi işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə şərait yaratması xahişi ilə Ermənistan tərəfinə müraciət ünvanlamışdı. Lakin Ermənistan hakimiyyəti məruzəçiyə Sərsəng su anbarının yerləşdiyi əraziyə səfər etməsi üçün şərait yaratmamışdır. Ermənistan tərəfi bu addımı atmaqla faktiki olaraq AŞPA məruzəçisi ilə əməkdaşlıqdan və özünün beynəlxalq öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Ermənistan tərəfinin bu destruktiv mövqeyinə baxmayaraq, Militsa Markoviç qeyd edilən məruzəni hazırlayaraq Katibliyə təqdim etmişdir və həmin sənədin müzakirəsi, yuxarıda göstərildiyi kimi, Sosial Məsələlər Komitəsinin 23 noyabr tarixli iclasının gündəliyinə daxil edilmişdir.
Xüsusilə vurğulamaq istərdim ki, Ermənistan tərəfi AŞPA Siyasi Məsələlər Komitəsinin 4 noyabr tarixli iclasında Britaniyalı deputat Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzə qəbul edildikdən sonra ciddi təlaş keçirir. Vəziyyət o həddə çatıb ki, bu ölkənin parlamentində məsələ ilə bağlı müzakirələr aparılıb, nümayəndə heyətindən bu qərarın qarşısını ala bilmədiklərinə görə nə ilə məşğul olmaları barədə hesabat tələb edilib. Maraqlısı odur ki, müzakirələrin sonunda parlamentin spikeri Qalust Saakyan bu uğursuzluğa görə günahkar axtarmamağa, AŞPA-nın 2016-cı il yanvar sessiyasında həmin qətnamənin qəbulunun qarşısını almaq üçün səfərbər olmağa çağırıb.
Beləliklə, aydındır ki, Ermənistan tərəfi Sosial Məsələlər Komitəsinin iclasında da “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzənin qəbul edilməsinin qaşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəkdir. Buna misal olaraq, 2015-ci ilin iyun sessiyası zamanı Monitorinq Komitəsində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskinin “Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəsinin 1-ci bəndində yazılmış “Assambleya Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal edilməsi barədə məlumatlıdır” ifadəsinin ləğv edilməsi məqsədilə Ermənistan nümayəndə heyətinin və onların havadarları olan anti-Azərbaycan qüvvələrin Avropada səs-küy salan riyakarlıqlarını və dünya ictimaiyyətini çaşdırmaq üçün eyni məzmunlu 7 düzəliş irəli sürmələrini xatırlatmaq zəruridir.
Biz həmçinin yaddan çıxarmamalıyıq ki, Siyasi Məsələlər Komitəsinin iclasında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalına dair məruzənin ümumiyyətlə gündəlikdən çıxarılmasına və bir daha bu məsələyə qayıdılmamasına dair təxribat xarakterli təklif irəli sürülmüşdü və bu təklif səsvermə nəticəsində qəbul edilməmişdi. Analoji təklifin Sosial Məsələlər Komitəsinin iclasında da irəli sürülməsi gözlənilir. Bundan əlavə, Azərbaycana qarşı qatı düşmən mövqeyi nümayiş etdirən Baş Katib Savitskinin rəhbərliyi altında fəaliyyət göstərən katibliyin də təxribat xarakterli “sürprizlər” etməsi real görünür. Ermənistan nümayəndə heyəti ilə bir mövqedən çıxış edən digər anti-Azərbaycan qüvvələrin birləşərək, öz məruzəsini geri götürməsi üçün Bosniyalı məruzəçi Militsa Markoviçə təsir göstərmələri də istisna edilmir. Qeyd etmək lazımdır ki, həmin qüvvələrin Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərə dair məruzəçi Robert Volterə təzyiqləri nəticəsiz qaldı. Zənnimcə, bu məsələdə cənab Volterin Avropanın böyük təcrübəyə malik tanınmış siyasətçi olması və dünyanın aparıcı dövlətlərindən biri olan Böyük Britaniyanın deputatı olması vacib rol oynadı. Lakin nəzərə almalıyıq ki, xanım Markoviç XX əsrin sonunda dövlət müstəqilliyi əldə etmiş kiçik dövlət olan Bosniyadandır. Ümid edirəm ki, qeyd edilənlərə baxmayaraq, xanım Markoviç müzakirələr zamanı obyektivlik və prinsipiallıq nümayiş etdirəcək.
Nəhayət, göründüyü kimi, Sosial Məsələlər Komitəsində “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzənin müzakirəsi zamanı ciddi mübarizə gözlənilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO