Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1297-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 33.3-cü maddə əlavə edilir:
“33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz”.
Həmçinin aşağıdakı məzmunda 34.3-cü maddə əlavə edilir:
“34.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz”.
51-ci maddənin mətni aşağıdakı redaksiyada verilir:
“51.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
51.2. Bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – altmış manatdan yüz manatadək miqdarda cərimə edilir.
51.3. Bu Məcəllənin 51.1 və 51.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda – əlli manatdan yüz manatadək miqdarda cərimə edilir”.
Trend.az