1982-ci ilin may ayı. Ağdamda həyatın qaynayan vaxtıydı. Uşaqdan tutmuş böyüklərə kimi hamıda yüksək əhval-ruhiyyə, həyat eşqi var idi. Ağdam indiki terminlə desək, azad iqtisadi zona olaraq inkişafda idi. Yazın gəlişi bu həyat eşqini, sakinlərin əhval-ruhiyyəsini əməlli-başlı dəyişmişdi. Xəyallar bizi o qədər yüksəkliyə qaldırmışdı ki, biz bu inkişafı görə bilmirdik. Fikirləşirdik ki, hər zaman belə olacaq…
Ağdam rayon Partiya Komitəsinin şəhərdə apardığı quruculuq işləri bu əhvala yeni çalar qatmışdı. Şəhər Ağdam birinci katib Sadıx Murtuzayevin təşəbbüsü ilə daha bir ilkə imza atmağa hazırlaşırdı. Belə ki, respublikada ilk dəfə olaraq Xurşudbanu Natəvana həsr olunan birinci “Qızlar bayramı”na ev sahibliyi edəcəkdi. Bir il idi ki, hazırlıq gedirdi. Natəvanın məzarüstü abidəsi artıq hazırlanmışdı. Xeyli vaxt idi ki, üzərində iş gedirdi. Heykəltaraş Elcan Şamilovun layihəsinə əsasən abidə mərmərdən yonulmuşdu. Təxminən üç metr hündürlükdə olan abidə də şairənin siması və aşağı hissədə isə yatmış cüyür əks olunurdu. Mədəniyyət Nazirliyinin xüsusi qrupu az müddət ərzində işi təhvil verməyə hazırlaşırdı.
Beləliklə, “İmarət”də aparılan geniş həcmli bərpa işləri tədbirə dəvət edilmiş qonaqların qəbuluna hazır vəziyyətə gətirilmişdi. Qeyd etməliyik ki, hələ təmir-bərpa işləri aparılarkən AMEA-nın müxbir üzvü Xudu Məmmədov dostu Zeynal Məmmədovla “İmarət”ə gələr, iş icraçılarına və fəhlələrə öz tövsiyələrini verməyi unutmazdı.
İlk tədbirə 150 nəfərdən artıq qonaq dəvət edilmişdi. Mədəniyyət naziri Zakir Bağırov, Azərbaycan Həmkarlar Şurasının sədri (AHİŞ) Lidiya Rəsulova, dahi alimimiz Xudu Məmmədov, xalq şairləri Bəxtiyar Vahabzadə və Qabil, şairə Rəfiqə Hüseynova, şair Abbas Abdulla, heykəltaraş Elcan Şamilov, onlarca əmək qəhrəmanı, Şamama Həsənova, Vəsilə Zahidova, o cümlədən Bakıdakı 132 nömrəli məktəbin müəllimi, SSRİ Ali Sovetinin deputatı Aliyə Təhmasib dəvətlilər arasında idi. Məzarüstü abidənin açılışından sonra “İmarət” stadionunda Ə.R.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə Natəvanın şerləri əsasında səhnələşdirilmiş tamaşa verildi.
Həmin illərdə Ağdam RPK-da təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş Çimnaz Əliyevanın söylədiyinə görə, qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə hündür meyvə ağaclarının kölgəsi altında təşkil edilmiş “köhnə bazar”la tanış oldular. Burada sərgilənən zərif Qarabağ xalıları qonaqları heyran etmişdi. Qarabağın xanım-xatın qız və gəlinləri sıra ilə oturub gəbə toxuyur, corab hörür, digər tərəfdə isə saç qoyub yuxa salır, plov dəmləyirdilər. Dəmirçi körüyü, zindan, çəkic, mis qablar XIX əsrin miskərlərini xatırladırdı. “Köhnə bazar”ın ətrafında isə aşıq Xaspolad Mirzəliyevin rəhbərlik etdiyi aşıqlar qrupu, “Nənə qızlar”, “Gülü bulağı” ansamblı, nağaraçılar dəstəsinin üzvləri öz istedadlarını nümayiş etdirdilər… Сексуальная подружка и ремонт
Baxışdan sonra qonaqlar yenicə istifadəyə verilmiş tribunada yer alırlar.
Açılış məqamını Çimnaz xanım Əliyeva çox kövrək hisslərlə bütün detallarına toxunmaqla belə xatırlayır:
-AHİŞ-in sədri L.Rəsulova birinci respublika “Natəvan Qızlar bayramı”nı giriş sözü ilə tədbiri açıq elan etdi. Bundan sonra bayram nümayişi başlandı. Stadiona üstü açıq şəkildə 16 UAZ markalı maşın daxil oldu. Hər maşında dayanan bir qızın əlində keçmiş SSRİ ailəsinə daxil olan respublikaların bayraqları dalğalanırdı. Stadiona bu məqamda ssenariyə uyğun olaraq at üstündə Məhsəti Gəncəvi, Heyran xanım, Həcərim canlı obrazları daxil olur. Faytonda isə şairə Xurşudbanu Natəvanın obrazı görünür. Bu arada Məhsəti xanımın, Heyran xanımın, Natəvanın şeirləri səslənir. Daha sonra dahi Fikrət Əmirovun “Sevil” operasından müsiqi fraqmenti səslənir. Əlində çadra tutmuş Sevil açıq maşında meydançaya daxil olur. Bir az ara verən musiqini Üzeyir Hacıbəyov adına Ağdam Orta ixtisas Musiqi Məktəbinin tələbəsi Mariya Bayramovanın səsi yenidən canlandırır. Onun oxuduğu “Qarabağ şikəstəsi” iştirakçıları valeh etmişdi.
Xalq artisti Nəsibə Zeynalova qaynana libasında stadiona gəlişi abu-havanı bir qədərdə canlandırır. Unuldumaz aktrisamız “Qaynana” tamaşasından bir parçanı göstərir. Sonda xor və bədii kollektivlər birgə “Azərbaycan” mahnısı ifa edirlər.
Bundan sonra bayramın ikinci hissəsi – poeziya teatrının çıxışları başlayır. Xurşudbanu Natəvan poeziya teatrının ilk məşğələsini isə yazıçı Elçin aparmışdı. O, bu hadisə münasibətilə ağdamlı şeir həvəskarlarına ən xoş arzularını çatdıraraq və ilk sözü şairə Rəfiqə Hüseynovaya verir. Sonra şairlərdən Fikrət Qoça, Fikrət Sadıq, Abbas Abdulla, Qabil öz şeirlərini oxuyurlar. Yazıçı Gəray Fəzli, filologiya elmləri doktoru Bəkir Nəbiyev, “Azərbaycan qadını” jurnalının redaktoru Xalidə Hasilova çıxış etdilər.
Poeziya məclisi əsl şeir, muğam məclisinə çevrildi. Fərhad Paşayevin rəhbərlik etdiyi “Şur” ansamblının üzvləri, xanəndə Bəylər Nəcəfov, Hüseyn Hüseynov muğam parçaları ifa edirlər. “Lenin yolu” qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərən “Gəncliyin səsi” ədəbi birliyinin üzvlərindən Şamil Namaz, Şahlar Əliyev, Məmməd Quliyev məclisdə öz şeirlərini oxuyurlar. Çox maraqlı keçən şeir məclisi xeyli davam etdi…
Beləliklə, Ağdam 1982-ci ildə növbəti ilkə imza atdı. Bu tədbir barəsində yerli və respublika qəzetləri kifayət qədər yazı və reportaj vermişdilər…
Söhbət zamanı tədbirlə bağlı Çimnaz xanım maraqlı bir məqamada toxundu. O zaman gələn qonaqların sayı həddindən artıq oldugundan onların hamısını mehmanxanada yerləşdirmək mümkün olmamışdı. Həm də yeni mehmanxana hələ istifadəyə verilməmişdi. Odur ki, belə qərara alındı ki, hər bir vəzifə sahibi bir qonağı evinə aparmalı və öz qonaqpərvərliyini göstərməlidir…
Sonralar bəzi qonaqlarla ailəvi isti münasibət üzün müddət davam etmişdi…
O illəri xatırlamaq, o illərə xəyalən qayıtmaq hər birimiz üçün çətindi. Sanki müharibə zamanı itkin düşmüş əsgərin valideynləri son məqamadək övladlarının sağ olduğunu düşündüyündən, biz də torpaqlarımızın “sağ qaldığına” və nə vaxtsa geri dönəcəyimizə inanırıq…