Azərbaycanda hərbi qeydiyyatın aparılması üzrə yeni qaydalar tətbiq ediləcək

Azərbaycanda “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib. Bu barədə Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.
 
Nazirlər Kabinetinin qərarına əsasən, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 1.2-ci bənddə “həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədi ilə bütün çağırışçı və hərbi vəzifəli şəxslərin müəyyən olunmuş qaydada” sözləri “Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə” sözləri ilə əvəz edilib.
 
Bundan əlavə Qaydaya 1.5-ci və 1.6-cı bəndlər əlavə edilib. 1.5-ci bəndə əsasən, çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Dövlət Sərhəd Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və SHXÇDX-də xüsusi qeydiyyata alınırlar.
 
1.6-cı bəndə əsasən isə, Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa) hərbi qeydiyyata götürülmürlər.
 
Qaydanın 2.1-ci bəndində isə “Hərbi vəzifəlilər” sözləri “Vətəndaşlar” sözü ilə əvəz edilib.
 
Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO