Azərbaycanın 17 rayonunda 30-dan yuxarı kəndin və inzibati ərazi dairəsinin adının dəyişdirilməsi təklif edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ parlamentin Regional məsələlər komitəsinin mayın 15-də keçirilən iclasında müzakirə olunub.
Komitənin iclasına çıxarılan məsələ barədə danışan komitə sədri Arif Rəhimzadə bildirib ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi uzun müddətə formalaşıb:
“Belə ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi ilə bağlı yaşayış məntəqələrindən, yerli icra hakimiyyətlərindən müraciətlər olunub, sonra həmin müraciətlər Prezident Administrasiyasının müvafiq şöbəsində toplanılıb və axırda bizə belə bir qanun layihəsi göndərilib. Eyni zamanda onu da deyim ki, bununla bağlı Toponimiya Komissiyasında xeyli müzakirələr gedib, təkliflər, iradlar bildirilib, təkrar yerli icra hakimiyyətləri ilə müzakirələr aparılıb”.
A.Rəhimzadə vurğulayıb ki, qanun layhəsinə əsasən bəzi kənd adlarının tamam, həmçinin, təkrarlanan, eyniadlı kənd adlarının və bəzi inzibati ərzai dairələrinin adlarının dəyişdirilməsi təklif olunur:
“Yəni, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, Kəlbəcər, İsmayıllı, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarıın tərkibindəki 30-dan artıq kəndi və inzibati ərazi dairəsinin adlarının dəyişdirilməsi nəzərdə tutulur”.
Digər komitə üzvləri də məsələ ilə bağlı fikirlərini bildirib və müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.