Azərbaycana qarşı siyasi məhbus kampaniyası bir mərkəzdən idarə edilir

Elxan Süleymanov,

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Son dövrlər antiazərbaycan qüvvələr beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da yenidən xüsusi fəallıq göstərərək ölkəmizə qarşı növbəti dəfə siyasi məhbus iddiaları ilə genişmiqyaslı kampaniyaya başlamışlar.

Qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə milli QHT bu antiazərbaycan qüvvələr ilə iş birliyi qurmuşlar və xarici mənbələrdən maliyyələşirlər. Həmin milli QHT-lər onları maliyyələşdirən xarici mərkəzlərin sifarişləri ilə müxtəlif qondarma siyasi məhbus siyahıları tərtib edir və öz qəyyumları olan antiazərbaycan qüvvələrlə birlikdə beynəlxalq təşkilatlarda Azərbaycanda çoxlu sayda siyasi məhbusların olması iddiaları ilə kampaniyada aktiv iştirak edirlər.

Bu kontekstdə vurğulamaq istərdim ki, uzun illər AŞPA-da siyasi məhbus meyarları olmamışdır. Məhz Azərbaycan tərəfinin ardıcıl təkidləri nəticəsində AŞPA siyasi məhbus meyarlarının olmamasını etiraf etmiş və nəhayət, 2012-ci ildə adı çəkilən qurumda siyasi məhbusların müəyyənləşdirilməsinə dair məruzə müzakirə edilərək səsverməyə çıxarılmışdır. Məsələ ilə bağlı səsvermə 89/89 nisbətində  olmaqla başa çatmış və məruzə AŞPA üzvlərinin səs çoxluğu əsasında deyil, prosedur qaydalarına görə qəbul edilmiş hesab olunmuşdur. Bu məsələ ilə bağlı AŞPA-da ciddi fikir ayrılığının olduğunu ortaya qoymuşdur. Odur ki, həmin meyarların etibarlılığı şübhə doğurur.

Digər tərəfdən, biz dünyada, xüsusilə də Avropa Şurasına üzv ölkələrdə baş verənləri izləyirik və görürük ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət AŞ-na üzv olan digər ölkələrdən heç də  fərqlənmir. Lakin məsələ burasındadır ki, AŞPA-da indiyədək Azərbaycandan başqa heç bir ölkəyə siyasi məhbus məsələsi şamil edilməyib. Belə olan halda məntiqi sual ortaya çıxır: nə üçün yenidən 47 üzv dövlətdən yalnız Azərbaycanda siyasi məhbusların olması iddia edilir və yuxarıda qeyd etdiyim etibarlılığı şübhə doğuran meyarlar yalnız bizim ölkəmizə qarşı tətbiq edilir? Bu AŞPA-da dövlətlərin bərabər hüquqlu olması prinsipinin pozulması və Azərbaycana qarşı açıq-aşkar ayrıseçkiliyin nümayişi deyilmi?

Təqdim edilmiş siyahılarda siyasi məhbus olmaları iddia edilən hər bir şəxs konkret cinayət əməlləri törətdiklərinə görə məsuliyyətə cəlb edilmişlər və onlar barədə məhkəmələr tərəfindən qərarlar qəbul edilmişdir. Məlumdur ki, həmin şəxslər milli məhkəmələrin qərarlarına etiraz etdikləri təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna malikdirlər.

Siyasi məhbus məsələsi hüquqi məsələdir, həbsdə olanlar barədə məhkəmə qərarları mövcuddur. Odur ki, məhkəmənin qərarı yalnız mövcud olan hüquqi mexanizmlərdən istifadə edilməklə dəyişdirilə bilər. Lakin bir neçə milli QHT, onların havadarları olan beynəlxalq təşkilatlar və xarici antiazərbaycan qüvvələri bu hüquqi mexanizmdən istifadə etmək istəmirlər və məsələni siyasiləşdirirlər. Bu, hüququn aliliyi prinsipinə ziddir.

Maraqlı bir məqamı xüsusilə vurğulamaq istərdim: bir qrup milli QHT və beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbusların olması iddiası ilə çıxış edirlər. Mövcud beynəlxalq məhkəmə-hüquq qaydalarına əsasən iddia qaldıran tərəf məhkəmədə öz iddiasını  sübuta yetirməlidir. Odur ki, qeyd edilən beynəlxalq məhkəmə-hüquq qaydalarına əsasən Azərbaycanda siyasi məhbusların olması barədə çıxış edən tərəf (QHT-lər, beynəlxalq təşkilatlar və s.) məhkəmələrdə konkret şəxsin siyasi məhbus olması barədə iddia qaldırmalı və məhkəmə vasitəsi ilə öz iddialarını sübuta yetirməlidirlər. Hesab edirəm ki,məsələ yalnız bu yolla hüquqi müstəvidə həllini tapa bilər. Məsələnin məhz bu müstəvidə həlli ayrı-ayrı qərəzli tərəflərin subyektiv və qərəzli mövqeyinin qarşısını almaq iqtidarındadır.

Maraqlıdır ki, Azərbaycanda siyasi məhbusların olması iddiası ilə çıxış edənlər heç bir vəchlə siyasi məhbus hesab etdikləri şəxslərin konkret cinayət əməlləri törətdiklərinə görə həbs edilmələri faktını nəinki qəbul  etmirlər, hətta bu barədə eşitmək belə istəmirlər. Misal üçün, Leyla Yunus konkret ittihamlarla həbs edilməsinə baxmayaraq, dərhal Avropa İttifaqı, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, ABŞ Dövlət Departamenti və Böyük Britaniya xarici işlər nazirliyi bəyanat verərək L.Yunusun həbsini Azərbaycanda vətəndaş cəmiyyətinə basqıların daha bir nümunəsi kimi pisləmişdir. Human Rights Watch, Amnesty İnternational, Freedom House, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və bir sıra digər beynəlxalq QHT-lər Yunusun insan hüquqları sahəsində fəaliyyətinə görə qurama ittihamlarla həbs edildiyini iddia etmişlər.

Diqqəti çəkən məqamlardan biri də odur ki, Leyla Yunusun həbsi ilə bağlı erməni elektron KİV-dən Panarmenian, Azatutyun.am, massispost vebsaytları bu haqda materiallar verərək, ittihamların saxta olduğunu və hüquq müdafiəçisinin səsini kəsməyə xidmət etdiyini bildirmişlər. Ermənistanın ATƏT-dəki nümayəndə heyəti isə bəyanatla çıxış edərək L.Yunusun həbsinin Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin kəskin pisləşməsi və münaqişənin həlli üçün imkanların aradan götürülməsi kimi qiymətləndirmişdir.

Maraqlıdır, deyilmi? Azərbaycan torpaqlarını işğal edən və 23 ildən artıq müddət ərzində işğal altında saxlayan, işğal edilmiş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, yüz minlərlə azərbaycanlının hüquqlarını kütləvi, kobud və davamlı şəkildə pozan Ermənistanın KİV-ləri, rəsmi nümayəndələri özünün Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərinə göz yumur, lakin Leyla Yunusun hüquqlarının pozulmasından narahatlıq keçirir.  Bu nonsensdir!!! Bu yaxşı rejissura edilmiş traqikomediyadır!!!

Hesab edirəm ki, Aİ, AŞ, AŞPA, ABŞ Dövlət Departamenti və Böyük Britaniya xarici işlər nazirliyinin, bir çox beynəlxalq QHT-lərin, yeri gəlmişkən insan hüquqları ilə bağlı vəziyyət o qədər də ürəkaçan olmayan Ermənistanın KİV-ləri və rəsmi nümayəndəsi ilə eyni vaxtda çıxış edərək Azərbaycanda siyasi məhbus iddialarını siyasiləşdirmək cəhdləri konkret məqsədə qulluq edir –daimi olaraq Azərbaycanda bu və ya digər süni problemlərin, o cümlədən qondarma ”siyasi məhbus” probleminin olması iddiası ilə çıxış edərək Azərbaycana davamlı şəkildə təzyiq göstərmək və hər vəchlə ölkəmizin diqqətini işğal altında olan ərazilərin azad edilməsi istiqamətdə fəaliyyətdən yayındırmaq.

Sual olunur: Əgər yuxarıda adları sadalanan dövlətlər və beynəlxalq təşkilatlar doğrudan da insan hüquqlarının pozulmasından narahatdırlarsa, onda onlar nə üçün 23 il müddətində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması, yüz minlərlə azərbaycanlının hüquqlarının kütləvi, kobud və davamlı şəkildə pozulmasına, Naxçıvanın blokada şəraitində saxlanılmasına biganəlik nümayiş etdirmişlər, işğalçı dövlətə qarşı heç bir təzyiqlər göstərməmiş və heç bir sanksiyalar tətbiq etməmişlər?

Bu sualın cavabı aydındır: Onların əsl məqsədi insan hüquqlarını qorumaq olsaydı, onlar 23 il müddətində işğala son qoyulması və yüz minlərlə insanın hüquqlarının bərpası istiqamətində addımlar atardılar. Göründüyü kimi, yuxarıda adları sadalanan dövlətlər və beynəlxalq təşkilatların əsl məqsədi insan hüquqlarının müdafiəsi deyil, onların əsl məqsədi Azərbaycana qarşı təzyiqləri artırmaq, Ermənistana himayədarlıq etmək və Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır.

Məhz bu səbəbdən də, 2001-ci ildən indiyədək toplanmış təcrübədən çıxış edərək vurğulamaq istərdim ki, Azərbaycan tərəfi humanizm prinsipindən çıxış edərək qondarma siyasi məhbus siyahılarında yer almış məhbusları milli qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif mexanizmlər vasitəsi ilə mərhələli şəkildə azadlığa buraxsa belə, beynəlxalq təşkilatların ölkəmizə qarşı siyasi məhbus kampaniyası səngimir, əksinə daha da genişlənir.  

Hadisələrin təhlili göstərir ki, beynəlxalq aləmdə siyasi məhbuslarla bağlı aparılan antiazərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, növbəti siyasi məhbus iddiaları da bu kampaniyanın vacib, uzunmüddətli tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya 2015-ci il Birinci Avropa Yay Olimpiya Oyunları və Parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə ediləcəkdir.

Hesab edirəm ki, belə bir şəraitdə Azərbaycan tərəfi bu qondarma “siyasi məhbus” məsələsi ilə bağlı tarazlaşdırılmış vahid mövqe qoymalıdır və bu vahid mövqenin vacib tərkib hissələri aşağıdakılardan ibarət olmalıdır:

a) Azərbaycanda siyasi məhbusların olmasını iddia edən tərəfdən (QHT, beynəlxal təşkilatlar və s.) siyasi məhbus hesab etdikləri şəxs barədə məhkəmədə iddia qaldırması və həmin iddia ilə bağlı məhkəmə qərarı tələb olunmalıdır;

b) Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri tam azad olunmayanadək, yüz minlərlə azərbaycanlının pozulmuş hüquqları təmin edilməyənədək, Sərsəng su anbarının yaratdığı humanitar və ekoloji böhran təhlükəsi aradan qaldırılmayanadək, Naxçıvanın çoxillik blokadasına son qoyulmayanadək qondarma siyasi məhbus məsələsi ilə bağlı beynəlxalq təşkilatların Azərbaycana qarşı siyasi təzyiqlərinə məhəl qoyulmamalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO