“Bakcell” MMC abonentlərin SMS yolu ilə fövqəladə hallar barədə məlumatlandırılması xidmətini istifadəyə verməyə hazırlaşır. Bunu Trend-ə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer deyib.
Onun sözlərinə görə, bu xidməti göstərmək üçün şirkətin bütün zəruri texnologiyaları var və hazırda Fövqəladə Hallar Nazirliyi ilə xidmətin işə salınması üzrə danışıqlar aparılır.
R.Şirer bildirib ki, bu servisin istifadəçi auditoriyasının mütəmadi azalmasına baxmayaraq, qısa mesaj (SMS) məlumatlandırmanın ən səmərəli metodudur: “Azalmaya səbəb məlumat ötürmə xidmətinin istifadəçilərinin sayının artmasıdır”.
Qeyd edək ki, bu xidmətin özəlliyi ondan ibarətdir ki, sistem təhlükəli zonada yerləşən bütün mobil telefonlara SMS göndərir.