Azərbaycan və Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanın milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, görüşdə E.Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusilə beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər haqqında danışıb.
Təhlükəsizlik məsələləri ilə əlaqədar qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi zərurətini önə çəkən general-polkovnik E.Mahmudov qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitlik üçün yaratdığı təhdidlər, problemin hələ də həllini tapmamasından irəli gələn fəsadlar barədə ətraflı məlumat verib.
N.Patruşev göstərilən qonaqpərvərliyə, eləcə də hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər üzrə müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. Qonaq Rusiya və Azərbaycan arasında çoxəsrlik tarixi-mədəni, dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayıb, hər iki xalqın mənafelərinin, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması naminə ölkələrimizin aidiyyəti strukturları, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edib.
İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO