Azərbaycan-Rusiya Regionlararası Forumu: “dəyirmi masa”lardan biri humanitar sahədə əməkdaşlığa həsr edilib

Sentyabrın 27-də Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilən “dəyirmi masa” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da çıxış edən Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu bildirib. Deyib ki, hər iki ölkənin prezidentləri ikitərəfli münasibətlərin genişlənməsini daim diqqətdə saxlayırlar.

“Azərbaycanda rus dilində təhsilə dövlət səviyyəsində diqqət yetirilir. Ölkəmizdə 120 mindən çox şagirdin oxuduğu 342 orta məktəbdə tədris həm də rus dilində aparılır, 16 məktəbdə isə tədris yalnız rus dilindədir. Ali məktəblərdə 150 ixtisasdan 105-i rus dilində də tədris olunur, 20 min tələbə təhsilini rus dilində alır”, – deyə F.Qurbanov bildirib. O qeyd edib ki, azərbaycanlı gənclərin rus dilinə və ədəbiyyatına marağı artır. Hər il ölkəmizdə rus dili olimpiadaları keçirilir. Rusiyanın təhsil müəssisələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur. Bundan əlavə, 2005-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili mərkəzi fəaliyyət göstərir. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.

Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) prorektoru Artyom Malgin bildirib ki, Azərbaycan və Rusiya arasında humanitar sahədə xüsusi münasibətlər var. Azərbaycanda rus dili, mədəniyyəti qorunub saxlanılıb, ruslar rahat şəraitdə yaşayırlar. Prorektor Rusiya-Azərbaycan Ali Təhsil Təşkilatları Assosiasiyası çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı, təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından da danışıb.

“Dəyirmi masa”da təhsil, elm, mədəniyyət və idman sahələrində layihələrin həyata keçirilməsi, gənclər arasında əməkdaşlığın aktivləşdirilməsi, humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunub, hər iki ölkənin humanitar sahədə təcrübəsini, bu sahədə qazanılmış uğurları əks etdirən, eləcə də təhsil müəssisələrinin proqramlarına dair təqdimatlar keçirilib. Tədbirdə elm və təhsil müəssisələrinin, mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO