Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb. Bu barədə Trend-ə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov I Avropa Oyunları Əməliyyat Komitəsinin iclası zamanı deyib.
İ.Məmmədovun sözlərinə görə, belə bir qərarın qəbul edilməsinə səbəb Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etməkdir. Nazir müavini həmçinin qarşıdan gələn yarışlarla əlaqədar nazirlik tərəfindən aparılan telekommunikasiya infrastrukturunun hazırlıq işlərindən də danışıb: “300 kilometrdən çox optik lifli və 5 kilometrə yaxın mis rabitə kabelləri çəkilib. Alternativlik və dayanıqlıq üçün I Avropa Oyunlarının keçiriləcəyi məkanların qoşulacağı iki xətdən – əsas və alternativ – istifadə olunacaq”.
Bundan başqa, rabitə və telekommunikasiya xidmətlərinin dayanıqlığı üçün ölkənin bir sıra dövlət strukturlarında da optik xətlər istifadə olunacaq: “İyunun 2-nə kimi idman yarışlarının keçiriləcəyi idman komplekslərində daxili rabitəni təmin etmək üzrə işlər başa çatacaq. Bu istiqamətdə işlər mobil operatorlar “Azercell” və “Bakcell” tərəfindən aparılır, yarışların yayımı üçün 4 peykin (Intelsat, AsiaSat, Utelsat и Azerspace) resurslarından istifadə olunacaq”.
I Avropa Oyunları ilə bağlı sizi maraqlandıran bütün suallara görə 2015 nömrəsinə zəng edə bilərsiniz. Nömrə bir neçə dildə fəaliyyət göstərir.