Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub

Hörmətli Əflatun müəllim,

Mən mətbuatda və ictimaiyyətdə deputatların yaş həddi ilə bağlı çoxsaylı yazılara, yaşlı nəslin nümayəndələrinin aşağılanması, alçaldılması kimi təhqirlərə reaksiya vermək fikrində deyildim. Lakin bu gün fəaliyyəti əsasən parlamentə yönəlmiş Modern.az saytının 4 noyabr 2019-cu il tarixli “Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verirlər…” adlı məqaləsindən sonra dözə bilmədim, vücudum titrədi. Belə ki, adı çəkilən yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır. 

Yaşlı deputatlara qarşı olan məsələyə də münasibət bildirmək istərdim. Əvvələn, seçkili orqanlara seçkilərdə iştirak etmək və seçilmək hüququ ilə bağlı aşağı həddin müəyyən edilməsi prinsipi bütün  ölkələrdə mövcud olsa da, yuxarı yaş həddi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. İkincisi, yaşlı deputatlar öz dairələrində gənclərin namizədliyinə təsir edib hər hansı bir məhdudiyyət qoymaq hüququna malik deyillər. Namizədliyin qeydiyyata alınmasını dairə seçki komissiyaları apardığından, say məhdudiyyəti yoxdur. Mən Şamaxıda millət vəkili seçilərkən, birinci seçkimdə 11 namizəd iştirak edirdi və ən gənc namizədin 28 yaşı vardı. Jurnalistlər bilməlidir ki, yuxarı yaş həddi seçkili orqanlara aid deyil. Üçüncüsü, ümumiyyətlə, yaşlı nəslin nümayəndələrini seçkilərdə belə təzyiqlər, təhdidlər, təqiblər, alçaldıcı yazılarla çəkindirmək bütün yaşlı nəslin nümayəndlərinə qarşı olan bir hörmətsizlikdir, ağır təhqirdir.

Azərbaycan cəmiyyətində tarixlər boyu yaşlı nəslin nümayəndələrinə xüsusi hörmət və ehtiram mövcud olmuşdur. Dünyanın hər yerində yaşlılara böyük hörmət qoyulur. Sivil dövlətin amillərindən bir də yaşlı nəslin nümayəndəsinə hörmətdir. Məsələn, qardaş Türkiyədə istər ictimaiyyətdə, istər siyasətçilər arasında, istər restoranda, istər hava limanında, istər xəstəxanada, hər yerdə mənə baba kimi müraciət edirlər. Baba sözü isə Azərbaycan dilində ata deməkdir. Bu, hörmət və ehtiramdır. Hər bir yaşlı deputatın xidmətləri, ləyaqəti, yaxşı işləri olub ki, deputat seçilib və onları xalq seçib. Bu gün bu deputatların namizədliklərini verib-verməmələri barədə onlara qarşı təhqiredici kampaniya təşkil etmək, hörmətsizlik və təzyiq göstərmək bizim cəmiyyətimizə nə dərəcədə yaraşan bir işdir? Axı seçki kampaniyası bir yarışdır. Bu yarışın qalibini də ən azı 30,000-dən artıq seçici müəyyən edir. Möhtərəm Prezident seçkili orqanlar barədə yaş həddi ilə bağlı belə bir ifadə işlətməyib. Əksinə, cənab Prezident bu günlərdə yaşlı nəslin nümayəndələrinə qarşı hər hansı kampaniyanın təşkil edilməsinə yol verməyəcəyini bildirmişdir. 

Mən eyni zamanda bildirmək istərdim ki, yaşlı deputatların seçkilərdə iştirakına sədd qoymaq istəyən jurnalistlər bilməlidirlər ki, onlar Azərbaycanda son 15 ildə keçirilən azad, ədalətli, şəffaf, demokratik seçkilərə kölgə salan və bununla bağlı ölkəmizə qarşı şər və böhtan kampaniyaları keçirən beynəlxalq təşkilatlara ölkəmizlə bağlı qarayaxma kampaniyalarını davam etdirmək üçün əlavə imkanlar yaradırlar.  Belə ki, jurnalistlərin bu münasibəti Azərbaycanda yaşlı nəslin nümayəndələrinin hüquqlarının məhdudlaşdırılması, onların seçki hüquqlarının pozulması kimi iddialara yol açır və nəticə etibarilə beynəlxalq qurumlar tərəfindən ölkədə seçkilərin qeyri-şəffaf və qeyri-demokratik keçirilməsi kimi qiymətləndirilməsinə xidmət etmiş olur. Odur ki, sağlam, çevik, kamil, müdrik yaşında olan insanların deputat seçilməsini hər hansı bir jurnalist deyil, xalq və seçicilər müəyyən etməlidir.

Eyni zamanda qeyd etmək istərdim ki, son bir neçə gün əvvəl bəzi internet portallarında çap edilmiş yazılarda deputat həmkarlarım da təhqir edilmişlər. Bundan əlavə, yuxarıda adı çəkilən yazıda isə yaşlı deputatlarla yanaşı, qadın ləyaqəti təhqir edilmiş, qadının təmiz adına bir ləkə atılmış, əxlaqsızlıq edilmişdir. Bu, ləyaqətli köməkçi xanımların həyat yoldaşlarına, qardaşlarına, atalarına, övladlarına qarşı bir təhqirdir. Görəsən, jurnalist bu ləyaqətsiz əməllərinə onların qarşısında necə bəraət qazandıra bilər? Mən bunları cinayət hesab edirəm. Bax cinayət belə yaranır.

Hesab edirəm ki, adı çəkilən yazı Mətbuat Şurası tərəfindən müzakirə edilməli, adı hallanan köməkçilərdən və onların ailələrindən mətbuat vasitəsilə təcili üzr istənməli, yazının müəllifi və həmin yazını dərc etmiş saytın rəhbərliyi cəzalandırılmalı, qəbul edilmiş qərar barədə ictimaiyyət məlumatlandırılmalıdır.

Elxan Süleymanov

Şamaxının Millət Vəkili

5 noyabr 2019-cu il

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO