Azərbaycan kitabı Dostoyevskinin ölkəsində!

Bəzən elə günlər olur ki, onları unutmaq qeyri-mümkündür. Ürəyinin fərəh hissiylə dolduğu, Vətəninin adının qürurla çakildiyi, ədəbiyyatının və incəsənətinin möhtəşəmliyinin təsdiqini gördüyün günlər… Bu gün də belə günlərdən biriydi.

15 ildən bəridir ki yaşadığım Rusiya federasiyasının paytaxtı Moskva şəhərində, dünyanın ən böyük sərgi salonlarından biri olan Ümumrusiya Sərgi Mərkəzində keçirilən Dünya kitab sərgisi keçirilir. Sərgi bir həftəyə yaxın davam edəcək. Burada müxtəlif ölkələrlə yanaşı (Türkiyə, Qırğızıstan, Çin, Misir, İran, Türkmənistan, Belorusiya, Ukrayna və s…) Vətənimiz Azərbaycanda da nəşr olunmuş bir sıra kitablar təqdim olunmuşdur. Onların sırasında bir çox görkəmli yazarların: Məmməd Arazın, Mirzə İbrahimovun, İlyas Əfəndiyavin, Anarın, Elçin Əfəndiyevin, Kamal Abdullanın və s… əsərləri, eləcə də Azərbaycan təbiətinə, incəsənətinə və mədəniyyətinə dair kitablar var. Mənim “Səni düşünürəm” adlı kitabım da burada öz yerini tutmuşdur.

İnsanların maraqla və diqqətlə vərəqlədiyi bu kitablar bizim ən böyük və əvəzedilməz sərvətimizdir. Məhz belə kitablarımdan bir neçəsi dahi Tolstoyun və Dostoyevskinin ölkəsində “Kitab sənəti” adlı 10-cu beynəlxalq konkursda yeddi nominasiyadan üçündə qalib gəldilər. Konkursda MDB üzvü olan ölkələr iştirak edirdilər.

Gündüz saat birdə başlayan tədbiri professor Vladimir Viktoroviç Qriqorin açdı. O ölkələr arası münasibətlərin inkişafında və tənzimlənməsində kitabların, ədəbiyyatın rolu haqda danışdı, qalibləri təbrik etdi.

“Mənim ölkəm” nominasiyasında “Maqomayev planeti”, “Mədəniyyət, elm və təhsil” nominasiyasında “The strukture of a Modern Theatre” və “ART kitab” nominasiyasında isə “Nizami Gəncəvi. Lirika” kitabları birinci yerə layiq görüldülər.

Mükafatları almaq üçün səhnəyə görkəmli şair və tərcüməçi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlu və “Əfəndi” kitab evinin rəhbəri Leyla Əfəndiyeva dəvət olundular.

Mükafatları “Kitabçılar gildiyası” kompaniyasının prezidenti, iqtisad elmləri doktoru Esenkin Boris Semyonoviç təqdim etdi. O Azərbaycanın bu müvəffəqiyyətinə ürəkdən sevindiyini söyləyərək, belə gözəl kitablara görə bütün kitabsevərlər adından minnətdarlığını bildirdi.

Çingiz Əlioğlu və Leyla Əfəndiyeva öz növbəsində bu proyektə görə məsul şəxslərə və rus oxucularına təşəkkür edərək, çox sevincli olduqlarını, kitablarımızın uğurlarına görə qürur duyduqlarını bildirdilər. Bu uğurda kitabların ərsəyə gəlməsində əməyi olan insanların rolunu qeyd etdilər. Çingiz müəllim belə söylədi: “Bu anda mənim ürəyim qürur hissiylə doludur. Bu qələbə bizim qələbəmiz deyil, Azərbaycan kitabının qələbəsidir. Öndə kitabdır! O, insanları birləşdirən sehrli qüvvədir, elə bir qüvvə ki, onu heç nəylə əvəz etmək olmaz!”

Təntənəli çıxışlardan və xatirə fotoşəkilərindən sonra, tədbir sərgi salonunnda səmimi bir furşetlə yekunlaşdı.
Bütün iştirakçı ölkələrin nümayəndələri bir-bir bizə yaxınlaşıb ürək sözlərini deyir, Azərbaycanla birgə sevindiklərini bildirirdilər…

Bir neçə günə dünya kitabları sərgisi sona çatacaq. Həmvətənlərimiz Azərbaycana dönəcək, qürbətdə yaşayanlar isə onları bir daha görmək arzusuyla yaşamaqda davam edəcəklər. Təskinlik verən odur ki, dəyişilməz qalan bir həqiqət var: “söz”, kitab, ədəbiyyat hər zaman olub, var və olacaqdır!

Yazımı bir bənd şeirlə yekunlaşdırıb xalqıma, onun kitabsevərlərinə, ədəbiyyatımızı və incəsənətimizi dünyaya tanıdan bacı və qardaşlarıma bütün ziyalılarımız adından “Çox sağ olun!” – deyirəm!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO