Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən “Ayna” Mətbuat Evinin sabiq vitse-prezidenti Fərhad Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, F. Süleymanov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fərhad Süleymanov fevralın 22-də Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları (BMCMİ) tərəfindən saxlanılıb. O, tanışı Rauf Həsənovun öldürülməsində iştirakda təqsirləndirilir. Prosesdə ifadə verən Fərhad Süleymanov bildirib ki, Rauf Həsənov dostu İlya Şabanov tərəfsindən qətlə yetirilib: “Həmin gün biz bağ evindəydik. Mən bayıra çıxmışdım. Evə gələndə isə İlya Raufu qətlə yetirmişdi. Hadisədən sonra isə o mənə silahla hədə-qorxu gəldi ki, bu barədə heç kimə danışmayım”.
Qeyd edək ki, İ. Şabanov barəsində cinayət işi başlansa da, o, hələlik tutulmayıb. Onun Rusiya Federasiyasında gizləndiyi və barəsində axtarış elan olunduğu bildirilir.