Avstraliyanın beynəlxalq “Ancient-origins.net” saytında Azərbaycan ərazisindəki Alban məbədləri haqqında məqalə dərc edilib.
SalamNews xəbər verir ki, “Qədim Azərbaycanda Alban xalqının erkən məbəd və abidələri” sərlövhəli məqalənin müəllifi Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.
Məqalədə Qədim Alban dövlətinin ən çox müasir Azərbaycanın ərazisini əhatə etdiyi qeyd olunur: “Qədim Alban dövlətinin tarixi ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəlindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edir. Makedoniyalı İsgəndərin sağlığı dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Alban dövləti, eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilib. Paytaxtı əvvəlcə Azərbaycanın indiki Qəbələ, sonra isə Bərdə şəhərləri olub. Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi”.
Məqalədə Alban dövrü abidələrinin əksəriyyətinin Azərbaycanın bir çox ərazilərində öz ümumi formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatdığı vurğulanır: “Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Azərbaycanın Şəki rayonunun Kiş kəndində yerləşir. Məbədin üzərində hazırda heç bir epiqrafik yazı olmasa da memarlıq-planlaşdırma xüsusiyyətləri, inşaat üslubu və texnologiyası abidənin alban memarlarının yaratdıqları qiymətli sənət əsəri olmasını sübut edir. Təmir edilmiş məbəd zəmanəmizə kifayət qədər yaxşı vəziyyətdə gəlib çatıb. Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olub”.
Yazıda Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədələri haqqında da məlumat verilir.
– See more at: http://salamnews.org/az/news/read/160201#sthash.uQMZm3Rm.dpuf